• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 03.10.2016 15:01

Azərbaycan və Gürcüstan boksçuları yoldaşlıq görüşündə üz-üzə gəlib

Gəncədə yeniyetmə boksçular arasında beynəlxalq yoldaşlıq görüşləri keçirilib. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında baş tutan döyüşlərdə yerli dəri əlcək ustaları ilə Gürcüstan idmançıları qarşı-qarşıya gəlib. Qonşu ölkənin təmsilçiləri Nizami yurduna Qori şəhərindən təşrif buyurublar. Görüşlər mərkəzin yeni təmirdən çıxan boks zalında təşkil olunub. Döyüşlərdən əvvəl açılış mərasimində çıxış edənlər yoldaşlıq qarşılaşmalarının önəmindən danışaraq bu cür yarışların iki ölkənin idmançıları arasında dostluq əlaqələrinin möhkəmlənməsi, eyni zamanda xarici təcrübə qazanması istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Rəsmi hissədən sonra döyüşlərə start verilib. Mübarizələrdə 12 çəkidə eyni sayda döyüş baş tutub. 2 yaş qrupunda reallaşan döyüşlərdə 2000-2001 və 2002-2003-cü il təvəllüdlü yeniyetmələr rinqdə vuruşub.

İntiqam Hüseynov- TRİM-in Gəncə filialının direktoru: "Belə yoldaşlıq görüşlərini ənənəvi halda keçirmək niyyətimiz var. Biz Rusiya və Türkiyənin boks federasiyaları ilə də əlaqələr qurmuşuq. Növbəti illərdə Gürcüstandan başqa digər dövlətləri də bu döyüşlərə dəvət etmək istəyirik. Eyni zamanda, bizim də həmin ölkələrə getmək fikrimiz var".

Yoldaşlıq görüşlərinə Gürcüstan komandası 14 nəfərlik heyətlə gəlib. Komandanın tərkibində 12 idmançı ilə yanaşı 2 məşqçi də yer alıb. Ötən il Gəncə boksuları eyni məqsədlə Qoriyə səfər etdiklərindən budəfəki döyüşlərin həm də revanş xarakteri daşıdığını söyləmək olar. 

Şalva Şoşuaşvili- Gürcüstan komandasının məşqçisi: "Bu, mənim Gəncəyə ilk səfərim deyil. Bundan öncəki illərdə də bir sıra turnirlərdə və yoldaşlıq görüşlərində iştirak etmək üçün şəhərinizə gəlmişəm. Burada idmançılar üçün yaradılan şərait, yeni təmir olunan zal çox xoşuma gəldi. Bir sözlə boksçuların yaxşı formalaşması üçün burada hər şey düşünülüb. Gəncədə perspektivli və güclü idmançılar çoxdur. Onların dünya və Avropa çempionatları, həmçinin nüfuzlu beynəlxalq turnirlərdəki uğurları buna sübutdur. Yarışa gəlincə onu deyə bilərəm ki, belə qarşılaşmalar yetirmələrimizə gələcək böyük turnirlərdə yüksək nailiyyət əldə etmələrinə təsir edəcək".

Döyüşlərin yekunlarına əsasən 2002-2003-cü il təvəllüdlü boksçular arasında Gəncə idmançıları 5:3 hesabı ilə qalib olub. 15-16 yaşlı boksçuların mübarizəsində isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Görüşlərin sonunda fərqlənən idmançılar TRİM-in Gəncə filialı tərəfindən fəxri fərman və medalla təltif olunub.

Sparinq döyüşləri qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyıb. Mübarizələrdə özünü ən yaxşı tərəfdən göstərən boksçular şəhər yığmasının heyətinə qatılıb.

Orxan Cəfərzadə