• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1538
— 30.09.2016 16:46

“Turan Tovuz” liderliyi ələ aldı

Futbol üzrə Azərbaycan birinci divizionunda 4-cü turun oyunları keçirilib. Tur çərçivəsində qərb komandalarından “Turan Tovuz” doğma meydanda “Energetik”lə qarşılaşıb.

Gəncəli hakimlər briqadasının idarə etdiyi oyun gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü şəraitində keçib. Qarşılaşmada ilk qolu görmək üçün çox gözləmək lazım olmayıb. Artıq 5-ci dəqiqədə Rəhman Musayev toru silkələyib. 11 metrlikdən hesabı açan hücumçu az sonra dubl müəllifinə çevirilib. Topu qolkiperin başı üstündən tora atan Musayevin sevinməsinə tir mane olsa da, vəziyyəti təqib edən Rəhman ikinci cəhdində istəyinə çatıb. İlk yarının sonunda kapitan Vüsal Qarayev 3-cü topu Mingəçevir klubunun qapısından keçirib. Fasilədən sonra da qarşısılanmaz olan tovuzlular “Energetik”i müdafiədə səhvlər buraxmağa məcbur ediblər. 2-ci 45 dəqiqənin başlanğıcında Azər Məmmədov yerli azarkeşləri ayağa qaldırıb. Bu qoldan iki dəqiqə keçmiş oyunu yüksək səviyyədə keçirən Rəhman Musayev het-trikini rəsmiləşdirib – 5:0. Sakitləşməyən Əsgər Abdullayevin yetirmələri son 4 dəqiqədə daha iki dəfə autsayderin qapısına yol tapıblar. Əvvəlcə 86-cı dəqiqədə künc zərbəsi zamanı müdafiəçi yox, tovuzlu hücumçu kimi oynayan Kamran Lalayev avtoqola imza atıb. Darmadağında son qolu 90-cı dəqiqədə Elmin Çobanov vurub. 7:0. “Turan Tovuz”dan rəqibləri üçün əzələ nümayişi. 

Əsgər Abdullayev- “Turan Tovuz”un baş məşqçisi: “İkinci hissədə daha çox qol vurmağımıza baxmayaraq, birinci hissədəki oyunu bəyəndim. Komandanın dəst-xətti görünürdü. Fasilədən sonra təəssüf ki, bunu görmədim”.

Vüsal Qarayev- “Turan Tovuz”un kapitanı: “Oyun yaxşı keçdi. Biz hər oyuna 3 xal üçün çıxırıq. Məqsədimiz birinci yerə çıxmaqdır, iddialıyıq. Azarkeşləri, əvvəlki “Turan”ı geri qaytarmaq istəyirik”.

Çempionatda 4 oyunda maksimum nəticə göstərən Tovuz klubu xalların sayını 12-yə çatdırmaqla liderliyə yüksəlib.

Azad Rəfi