• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 29.09.2016 16:19

“Kəpəz”in ev oyunlarında azarkeş rekordu qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün yeni azarkeş rekordu qeydə alınıb. Bu, 6-cı turun “Kəpəz” – “Qarabağ” matçında gerçəkləşib.

1:1 hesabı ilə nəticələnən qarşılaşma mövsümün arxada qalan hissəsində ən çox tamaşaçı toplayan matç olub. Gəncə şəhər stadionundakı görüşü 14 min 238 seyirici izləyib.

Cabir İbrahimov- “Kəpəz”in icraçı direktoru: ““Kəpəz” futbol klubunun azarkeş ordusu hər zaman futbola olan sevgilərini göstəriblər. Bu da onun sübutudur ki, həmişə Gəncə stadionunda azarkeş dəstəyi yüksək səviyyədə olub. Bu işdə biz də maraqlıyıq ki, bizim futbolsevərlərimiz komandamızı dəstəkləsinlər. Onların yanında olsunlar".

“Kəpəz” – “Qarabağ” oyununda azarkeş sayının çox olmasına stadiona giriş üçün bilet satışının təşkil olunması da təsir etməyib.

Cabir İbrahimov- “Kəpəz”in icraçı direktoru: "Çempionat yeni başladığı üçün azarkeşləri stadiona cəlb etməkdən ötəri ilk ev oyunlarında bilet satışı həyata keçirmədik. "Kəpəz" - "Qarabağ" oyununda isə stadiona giriş biletlə olmasına baxmayaraq azarkeş sayı daha çox oldu. Bu da ona görədir ki, gəncəli azarkeşlər futbolu çox sevirlər. Bilet satışı azarkeşlər üçün əngəl olmadı. Oyunçularımıza göstərilən dəstəklə onlar ruhlanırlar və daha yaxşı oyun nümayiş etdirirlər".

“Qarabağ”la matçadək mövsümün daha bir rekordu Nizami yurdunda keçirilən digər matça təsadüf edib. IV turun “Kəpəz” – “Zirə” görüşü 10 min azarkeş toplayıb. Maraqlıdır ki, mövsümün ən çox tamaşaçı toplayan 3-cü oyunu də “Kəpəz”in doğma meydanda keçirdiyi qarşılaşmadır. II turun AZAL-la Gəncədəki matçında 5 min seyirici qeydə alınıb.     

Elmar Əliyev- fanklublarla iş üzrə əlaqələndirici: "Gəncəli azarkeşlər Azərbaycan klublarının fanatları arasında 1 nömrədirlər. Biz istəyirik ki, digər oyunlarda da bizim komandamızı dəstəkləməyə gələn azarkeşlər qədər fanat olsun və bununla da hər bir klubun azarkeşləri çempionata rəng qatsın. Çünki, elə olanda çempionatımız da maraqlı keçir. Biz işlərimizi davam etdiririk və inanırıq ki, bundan sonra da komandamızın yetərincə azarkeşləri olacaq".

Xatırladaq ki, Gəncə şəhər stadionu ötən mövsüm ərzində 240 650 tamaşaçı qəbul edib. Bu qədər azarkeş 2015/2016 mövsümündə tamaşaçı sayında üst-üstə rekordlar vuran “Kəpəz”in çempionat ərzində 18 ev oyununu stadiondan izləyib.

Azad Rəfi