Rio Yay Paralimpiya Oyunlarının gəncəli qalibi, cüdoçu Ramil Qasımov və onun şəxsi məşqçisi Əli Hacıyev prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. Onların hər ikisi oyunlarda qazanılmış yüksək nailiyyətə, habelə ölkə idmanının inkişafındakı xidmətlərə görə belə yüksək fəxri ada layiq görülüb. 30 ildir ki, məşqçi kimi çalışan Əli Hacıyev iki idman növü üzrə əməkdar məşqçi, SSRİ idman ustası, respublikanın fəxri bədən tərbiyəsi və idman işçisidir. Hacıyev 2002-ci ildə sambo, 2009-cu ildə isə cüdodan əməkdar məşqçi adı alıb. Onun yetirmələri arasında dünya və Avropa çempionları var.
Əli Hacıyev- məşqçi: “Sevincimin həddi-hüdudu yoxdur. Prezidentimiz “Şöhrət” ordeni ilə mənim əməyimi qiymətləndirdi, sevincim iki qat çoxaldı, minnətdaram. Həyatımda ən sevincli gündür. Bu gün Ramil Qasımovu qarşılayacağıq. Sevincimdən nə deyəcəyimi bilmirəm. Hər dəfə fəxri ad veriləndə məsuliyyət artır. Gələcəkdə də böyük töhfələr verməliyik. Bizə göstərilən etimadı doğrultmalıyıq”.
Azad Rəfi
- Baxış: 1007