• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 08.09.2016 17:49

“Şəmkir” doğma divarlar arasında “Şərurspor”u qəbul edib

Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər futbol mövsümünə start verilib. Birinci turun ilk oyun günündə “Şəmkir” doğma divarlar arasında “Şərurspor”u qəbul edib. Çempionat öncəsi yeni transferlərlə diqqəti cəlb edən qərblilər iddiasını açılış matçında ortaya qoyublar. Oyuna istəkli başlayan “Şəmkir” ilk 35 dəqiqə ərzində iki qol vurub. Öncə Ruslan Vorontsovla hesabı açan bölgə klubu bir qədər sonra künc zərbəsinin davamında ikinci topu rəqib qapısından keçirib. Bu dəfə müdafiədən irəli atılan Şahin Kərimov toru silkələyib. Amma hesabın yaratdığı arxayınlıq matçın sonrakı bölümündə şəmkirlilərin əhvalını korlayıb. Belə ki, fasiləyə kimi qonaqlar Fərmayıl Əliyevin sayəsində hesab arasındakı fərqi minimuma endiriblər. İkinci hissənin əvvəlində isə Coşqun Süleymanov oyunda bərabərlik yaradıb. Hər şeyə yenidən başlamalı olan şəmkirlilər azarkeşlərin də dəstəyi ilə qələbə qazanmağı bacarıb. Matçın sonuna az qalmış Şahin Kərimov yenə standart vəziyyətin davamında başla fərqlənərək həm dubl edib, həm də komandasına 3 xal qazandırıb.

Orxan Cəfərzadə