Dünya güləşi bir neçə gündür dopinq qalmaqalı ilə çalxalanır. Bəzi sərbəst güləşçilərin qanında qadağan olunmuş preparat aşkarlandığı üçün onların qazandıqları medallar əllərindən alınıb. Bu güləşçilər arasında 2012-ci ildə London Olimpiadasında gəncəli pəhləvan Toğrul Əsgərova uduzaraq gümüş medal qazanan rusiyalı idmançı Besik Kuduxov da var. İddiaya görə, dopinq testi müsbət nəticə verən idmançılar arasında Azərbaycan, Ukrayna və Qazaxıstan güləşçiləri yer alır. Onların adları açıqlanmasa da, həmin güləşçilərin Pekin-2008 və London-2012 Olimpiya oyunlarının mükafatçıları olduğu bildirilir. Toğrul Əsgərovun da 4 il öncə Böyük Britaniyadakı olimpiadada ilk pillədə qərarlaşdığını nəzərə alsaq, bu, güləşsevərləri narahat etməyə bilməz. Məsələyə Toğrulun şəxsi məşqçisi Elçin Zeynalov da biganə qalmayıb.
Elçin Zeynalov- Toğrul Əsgərovun şəxsi məşqçisi: "Son günlər dopinqlə bağlı söz-söhbətlər gəzir. Mən nəinki Toğrul Əsgərovdan elə bir şey gözləyirəm, hətta Azərbaycanın digər güləşçiləri belə şeydən kənardırlar. Bu cür söz-söhbət ona görə yaranıb ki, Azərbaycan güləş komandası Firdovsi müəllimin rəhbərliyi altında dünyada birinci yerə çıxdı. Yığmamız Amerikanı, Rusiyanı, İranı keçdi. Bu şayiəni dünən eşitdim. Mən buna inanmıram".
Orxan Cəfərzadə
- Baxış: 1223