Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümündə “Kəpəz” ilk ev oyununu keçirib. “Sarı-göylər” Gəncə şəhər stadionunda AZAL-ı qəbul edib. 5000 azarkeşin izlədiyi matçda meydan sahibləri bütün səylərə baxmayaraq qonaqların müdafiə xəttini yara bilməyib. Yekunda oyun başladığı hesabla da sona çatıb - 0:0. İki turdan sonra “Kəpəz” bir xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda çempionatda növbəti oyununu avqustun 19-da Bakıda “İnter”ə qarşı keçirəcək.
Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “İlk yarıda futbol adına heç nə olmadı. Çünki istiyə görə meydanda təkcə qaçmaq yox, dayanmaq belə problem idi. Fasilədən sonra oyun göstərmək mümkün oldu. Avropa Liqasında keçirdiyimiz oyunlardan sonra çempionata köklənmək çətindir. Qol epizodlarından istifadə edə bilmirik, bu, bizim əsas problemimizdir”.
Azad Rəfi
- Baxış: 553