• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 28.06.2016 15:23

“Kəpəz”in baş məşqçisi: “Bizi çətin və maraqlı oyun gözləyir”

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinə start veriləcək. Ölkəmizi turnirdə təmsil edən 3 klubdan biri olan “Kəpəz” doğma meydanda “Daçiya”nı qəbul edəcək. Dünən gəncəlilər oyun öncəsi son məşqə çıxıblar.

Şahin Diniyev- "Kəpəz"in baş məşqçisi: "Bizi çətin və maraqlı oyun gözləyir. "Kəpəz" Avroliqanın qrup mərhələsinə düşməyi hədəfləyən “Daçiya”ya qarşı necə oynayacaq çox maraqlıdır. Biz çalışacağıq ki, azarkeşlərimizi, futbolsevərləri məmnun yola salaq. Ancaq bu, o demək deyil ki, biz arxayınıq. Sadəcə, mən futboçularıma çox arxayınam".

Bu gün günorta saatlarında isə gəncəli fanatlar “Daçiya”yla görüşdə "Kəpəz"ə dəstək olmaq üçün Bakıya yola düşüblər. Sarı-göy rəngə könül verənlər paytaxta getməzdən öncə Gəncə şəhər stadionunda komandanın şəninə mahnılar oxuyub, plakatlar açıblar.

Elmar Əliyev- “Kəpəz" Müstəqil fan-klubunun rəhbəri: "Görünür bu azarkeşlər Avroliqa həyəcanı yaşayırlar. Mən düşünməzdim ki, bu qədər azarkeş gələcək. Biz inanırıq ki, "Kəpəz" 2:0 hesabıyla qalib gələcək. Klub rəhbərliyinə, baş məşqçimizə və futbolçularımıza inanırıq ki, komandamız qələbə qazanaraq Azərbaycan xalqını və gəncəliləri sevindirəcəklər".

"Kəpəz"in Avroliqa oyununa 800-ə yaxın azarkeş gedib. Buna görə fanat ordusuna 20 avtobus ayrılıb.

Bakıya getmək üçün bilet almaq da lazım olub. Bu məqsədlə şəhər stadionunun kassalarında bilet satışı həyata keçirilib. Azarkeşlər də buradan biletlərini alaraq "Kəpəz" - "Daçiya" oyununu izləmək üçün paytaxta yollanıblar.

“Dalğa Arena”nın ev sahibliyi edəcəyi "Kəpəz" - "Daçiya" qarşılaşmasının start fiti axşam saat 20:00-da çalınacaq.

Orxan Cəfərzadə