Türkiyə toplanışını başa vuraraq vətənə dönən “Kəpəz” qısa istirahətin ardından məşqlərə start verib. Komanda Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Kəpəz" - "Daçiya" oyununa hazırlığı Bakıda davam etdirəcək.
10 günlük Ərzurum toplanışında iki yoxlama oyunu keçirərək daha çox fiziki çalışmalara diqqət ayıran Gəncə klubu ölkə paytaxtında taktiki-texniki məşqlərlə hazırlaşacaq. Komanda qitə miqyaslı turnir üçün 22 futbolçu sifariş edib. Onlardan beşi legioner, qalanları yerli oyunçulardır.
Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “Baş məşqçi olaraq futbolçulardan razıyam, mənə elə gəlir ki, orada istədiyimizə nail ola bildik. Ayın 28-nə qədər ancaq toplu çalışmalar olacaq. Düzdür, oyun təcrübəmiz azdır. Amma çalışacağıq məşqlərlə taktiki-texniki çatışmazlıqları yoluna qoyaq”.
“Kəpəz” 16 illik fasilədən sonra avrokubok yarışına qatılacaq. “Sarı-göylər” sonuncu dəfə 2000-ci ildə o vaxt ilə desək, UEFA Kubokunda çıxış edib və Türkiyənin “Antalyaspor” klubu ilə hər iki oyunda uduzaraq mübarizəni erkən dayandırıb.
Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “Azərbaycanı təmsil edən dörd komanda arasında ən çətini bizə düşüb. Bu da məlum məsələdir, “Kəpəz”in lazımi kvalifikasiya xalı yoxdur deyə, zəif səbətə düşmüşdük. Güclü rəqibin düşməsi bizi qorxutmur. Çalışacağıq layiqincə mübarizə aparaq. “Daçiya” qarşısına qrup mərhələsinə düşməyi hədəf qoyub və güclənib”.
"Kəpəz" - "Daçiya" görüşü gəncəlilərin çalışdırıcısı Şahin Diniyev üçün də əlamətdar olacaq. Belə ki, qarşıdakı matç təcrübəli mütəxəssisin Avropa Liqasında baş məşqçisi qismində ilk oyunu kimi tarixə düşəcək.
Azad Rəfi
- Baxış: 1429