Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz"in rəqibi olacaq "Daçiya" klubu ikinci dəfə Azərbaycan klubları ilə qarşılaşacaq. Moldova təmsilçisi 9 il öncə “Bakı” klubunun rəqibi olaraq mərhələ adlayıb.
"Daçiya" səpələnməmişlər səbətində yer alan "Kəpəz"in 4 potensial rəqibindən biri olub. Belə ki, moldovalılarla yanaşı, Qazaxıstandan "Aktobe" , Polşadan "Zaqlembe" və Slovakiyadan "Slovan" Gəncə klubunun mümkün rəqibləri sırasında yer alıb. Amma püşk "Daçiya"nı “sarı-göylər”ə rəqib seçib.
Mehman Allahverdiyev- “Kəpəz”in icraçı direktoru: “Zəif komanda yoxdur, hansı ölkə olur-olsun. Rəqiblərin arasında fikrimcə bizə sərfəli komanda “Daçiya” idi. Amma fərqi yoxdur. Kimliyindən asılı olmayaraq biz meydanda öz oyunumuzu oynamalıyıq”.
1999-cu ildə yaradılan “Daçiya” qitə miqyaslı turnirlərdə kifayət qədər təcrübəyə malikdir. Komanda iki dəfə “İntertoto” kubokunda, 7 dəfə Avropa Liqasında və 1 dəfə Çempionlar Liqasında çıxış edib. Daçiya Moldova çempionatının son mövsümündə yalnız “qızıl oyun”da uduzaraq çempion ola bilməyib.
Mehman Allahverdiyev- “Kəpəz”in icraçı direktoru: “Bu cütdə şanslar 50/50-yədir. Rəqib pis komanda deyil. Çempionatda qızıl oyunda “Şerif”ə məğlub olub, ikinci yeri tutublar. Öz komandamıza güvənirəm. Məşqçilərə, futbolçulara inanıram. Bizim bəxtimiz gətirib, mərhələni biz keçəcəyik”.
Yeri gəlmişkən, bu gün "Kəpəz" - "Daçiya" oyununun başlama vaxtı müəyyənləşib. Görüşün start fiti Gəncə klubunun təklifi və UEFA-nın qərarı ilə iyunun 28-də saat 20:00-da “Dalğa Arena”da veriləcək.
Azad Rəfi
- Baxış: 487