• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 29.04.2016 16:03

“Kəpəz” doğma divarlar arasında “Rəvan”ı qəbul edəcək

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun oyunlarına start veriləcək. Turun açılış matçı Gəncədə keçiriləcək. “Kəpəz” doğma divarlar arasında “Rəvan”ı qəbul edəcək. “Sarı-göylər” çempionatın autsayderinə qarşı matçın hazırlığını bu gün tamamlayıb. Komandanın oyun öncəsi məşqçi görüşün keçiriləcəyi şəhər stadionunda olub. Bakılılarla matça həftə boyunca paytaxtda hazırlaşan Gəncə klubunun heyətində itkilər var. Dario Frederiko zədəli, Kərim Diniyev isə cəzalı olduğu üçün qarşıdakı oyunda forma geyinə bilməyəcək. Onların yoxluğunda əvvəlki iki qarşılaşmada “Kəpəz”ə kömək edə bilməyən Namiq Ələsgərov sıraya dönüb. Yarımmüdafiəçinin zədəsi sağaldığından o, “Rəvan” ilə görüşdə meydana çıxacaq.

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “Hər oyundan əvvəl dediyim kimi bizim üçün asan rəqib və asan oyun olmur. “Rəvan”ın itirəcək bir şeyi yoxdur və elitada qalmaq üçün səfərə xal arxasınca gəlib. Onların turnir cədvəlində tutduğu yer yox, göstərdiyi oyun bizi narahat edir. Sonuncu turda AZAL-ı məğlub ediblər, daha əvvəl “Neftçi”ni udublar. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq, “Rəvan”ı da ciddi rəqib kimi qəbul edirik”.

Azad Rəfi