• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 23.04.2016 16:38

Gəncəli cüdoçu doğma şəhərinə qızıl medalla qayıdıb

Gəncəli idmançılar beynəlxalq arenalarda uğurları sıralamaqda davam edir. Növbəti belə uğura ölkəmiz adına cüdo üzrə yarışlarda qızıl medal qazanan Fərid Qəzənfərov imza atıb.

Avropa və dünya çempionatlarında, eləcə də digər beynəlxalq turnirlərdə yer tutan gəncəli idmançılar Nizami Gəncəvinin məqbərəsi önündə qarşılanır. Bu, artıq illərdi ki, ənənə halına çevrilib. Bu qaydaya uyğun olaraq elə Fərid Qəzənfərov da Gəncənin giriş qapısında qarşılanıb. Çexiyada yeniyetmələr arasında keçirilən Avropa kubokunun qızıl medalçısını qarşılamağa şəhərin idman ictimaiyyətinin nümayəndələri toplaşıb. Təhsil Respublika İdman Mərkəzinin yetirməsi olan 16 yaşlı tatami ustası 55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Nəticələrə əsasən Çexiya yarışında Azərbaycan millisi həm də komanda hesabında Avropa Kubokunun qalibi olub.

Fərid Qəzənfərov- yarışın qalibi: "6 görüş keçirdim. Bütün rəqiblərim güclü idi. Yarımfinalda macarıstanlı rəqibimə qalib gələrək, finala vəsiqə qazandım. Həlledici mərhələdə isə hollandiyalı cüdoçunu üstələyərək, Azərbaycan bayrağını yüksəklərə qaldırdım".

Qəzənfərov mart ayında Antalyada keçirilən qitə kubokunda əldə etdiyi bürünc medalla Çexiyadakı turnirə vəsiqə qazıb. Cüdoçu daha əvvəl isə Azərbaycan birinciliyinin gümüş və bürünc medalına, Gürcüstanda  reallaşan beynəlxalq turnirin qalibi adına layiq görülüb.

Hidayət Şahin