• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 22.04.2016 18:19

Gəncə şəhər stadionunda plastik oturacaqların qoyulması prosesi davam edir

“Kəpəz” futbol klubunun ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda plastik oturacaqların qoyulması davam edir. Arenada oturmağa uyğun yer tapmayan, ayaqüstə qalan və əyləşərək oyuna baxmaq istəyən azarkeşlərin arzusu yerinə yetirilir.

Yarıməsrlik tarixə malik şəhər stadionu vaxtilə ölkənin ikinci ən böyük arenası olub. İdman qurğusu 25 min tamaşaçı tutumuna malikdir. Sovet dövründə tribunalara qoyulmuş taxta oturacaqlar tədricən sıradan çıxıb və belə də azarkeşlər oyunları beton döşəmə üzərində oturmaqla izləmək məcburiyyətində qalıblar. Amma artıq bu problem aradan qaldırılmaqdadır.

Şəhərin baş arenasında plastik oturacaqların qoyulması işinə futbol mövsümün əvvəlindən start verilib. İlk öncə mərkəzi tribunalardakı sektorlara oturacaqlar qoyulub. Daha sonra digər tribunalarda bu işlər həyata keçirilməyə başlanılıb.

İlkin mərhələdə tribunalara 3000 oturacaq bərkidilib. 5-6-cı sektorlarda hər iki yarusa oturacaqlar qoyulub. İndi isə 7-8 və mərkəzlə üzbəüz 15, 16, 17,18 19, 20 və 21-ci sektorlarda iş gedir.

Ümumilikdə mərhələli şəkildə stadiona 20 000 oturacağın quraşdırılması planlaşdırılıb. Hazırda nəzərdə tutulan işlərin 1/3 hissəsi görülüb. 

Bu stadiona plastik oturacaqlar ilk dəfə 1998-ci ildə gətirilib. Həmin vaxt “Kəpəz” qitəmiqyaslı turnirdə oynamağa hazırlaşırdı.

Gəncədə ilk dəfə keçirilən Avrokubok matçından öncə SSRİ zamanından qalmış və əyləşmək üçün əlverişli olmayan taxta skameykaların bir hissəsi plastik oturacaqlarla əvəzlənib. İstismar müddətini 17 ildən sonra başa vuraraq yararsız hala düşən həmin dövrdə qoyulmuş oturacaqlar ötən ilin yayından başlayaraq sektorlardan sökülüb və yerinə yeniləri bərkidilib. Onu da əlavə edək ki, stadionda aparılan işlər AFFA və Gəncə şəhər İcra Hakimiyətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Bu plastik oturacaqların keyfiyyət nişanı üzərindədir. Belə ki, Bakı 2015 ilk Avropa Oyunları kimi nüfuzlu yarış üçün istifadə olunan idman zallarında da məhz bu oturacaqlardan qoyulub.

 “Kəpəz” futbol klubunun ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda plastik oturacaqların qoyulması davam edir. Arenada oturmağa uyğun yer tapmayan, ayaqüstə qalan və əyləşərək oyuna baxmaq istəyən azarkeşlərin arzusu yerinə yetirilir.

Orxan Cəfərzadə