• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 15.04.2016 16:02

“Kəpəz” doğma meydanda “İnter”i qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının 30-cu turunda Gəncənin “Kəpəz” klubu doğma meydanda “İnter”i qəbul edəcək. “Sarı-göylər” bu gün matçın ev sahibliyi edəcəyi arenada qarşıdakı görüş öncəsi son məşqini keçirib. Şəhər stadionundakı məşq prosesi azarkeşlər və mətbuat üçün açıq olub. Təxminən 50 dəqiqə sürən hazırlıq yüngül xarakter daşıyıb. Futbolçular əsasən, toplu çalışmalar üzərində işləyiblər. “İnter” ilə oyuna Gəncə təmsilçisi itkilərlə çıxacaq. Belə ki, uzun müddətdir ki, zədəli olan Dario Frederikonun sırasına Namiq Ələsgərov da qoşulub. Gənc futbolçu “Qarabağ”a qarşı görüşdə zədələndiyindən iki qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “İki uğursuz oyundan sonra qeyd etmişdim ki, komandada fiziki və psixoloji durum yerində deyil. Bu da anlaşılandır. 11 futbolçu ilə çempionatı keçirmək çətindir. Həftə boyunca fiziki və psixoloji vəziyyəti düzəltmək üçün bu yöndə işlədik. Eniş dövründən çıxmağa çalışdıq. “İnter” ilə görüş bizim üçün üçüncü yer uğrunda əsas mübarizə oyunlarından biridir. Hələ heç nə itirilməyib. Qalib gəlməklə üçüncü yeri özümüzə qaytara bilərik. Bu rəqiblə oyunlar həmişə çətin olub. Əvvəlki üç matçdan bir xal götürmüşük. Əlimizi yanımıza sallamayacağıq. Yəqin ki, liderlərə yaraşan bir oyun olacaq. Görüşdən qələbə gözləyirik. Amma bu, o qədər də asan olmayacaq. Qalib gəlmək üçün daha çox güc sərf etməliyik. Mənə elə gəlir ki, “Qarabağ”dan sonra ən çətin oyunumuz “İnter” ilə olacaq”.

Azad Rəfi