• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 13.04.2016 16:35

Sərbəst güləşçilərimiz Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirlər

Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Güləşçilər aprel ayının əvvəlindən bu rayonda hazırlıq keçirlər.

Yığmanın mətbuat üçün açıq məşqini izləyənlər arasında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant, Qazax güləş məktəbinin yetirməsi Kamil Musavi  olub. Komandanın  düşərgəsinə baş çəkən qəhrəman döyüşçü güləşçilərə qarşıdakı yarışlarda uğurlar arzulayıb, döyüş meydanında olduğu kimi güləş döşəyində də pəhləvanlarımızın erməni rəqiblərinə dərs verməsini istəyib.

Hazırlıq prosesinə gəlincə, idmançılar səhər və axşam olmaqla gündə iki dəfə məşq edirlər. Komanda üzvləri açıq havada və zalda taktiki və texniki tapşırıqlar üzərində çalışırlar.

Təlim-məşq toplanışına 20 güləşçi qatılıb. 

Cari toplanış güləşçilərimizin bu il Göygöldə sayca ikinci hazırlığıdır. Belə ki, bundan öncə pəhləvanlarımız mart ayında bu rayonda olmuşdular.

Yığma ötən illərdə məsul yarışlar, o cümlədən Dünya və Avropa çempionatları, qitə və  olimpiya oyunları öncəsi Göygöl Olimpiya İdman Kompleksində məşq ediblər.

Toplanışda demək olar ki, yığmanın əsas aparıcı simaları iştirak edir. Olimpiya çempionları Toğrul Əsgərov, Şərif Şərifov, bürünc mükafatçısı Xetaq Qazyumov, iki qat dünya çempionu Hacı Əliyev komandanın heyətində yer alıb.

Toğrul Əsgərov- yığma komandanın üzvü: “Arzum odur ki, Rioda keçiriləcək olimpiadada uğurlu nəticələrə imza ataq, vətənə medallarla qayıdaq, qızıl mükafatla ölkəmizin bayrağını yüksəkdə dalğalandıraq. Bunun üçün də məşq edirik, rejim saxlayırıq ki, istəyimizə nail olaq”.

Güləşçilərin Göygöl hazırlığı aprelin 22-nə kimi davam edəcək. Bundan sonra komanda Bakıya yollanacaq.

Azad Rəfi