Bolqarıstanın Ruse şəhərində keçirilən güləş üzrə 23 yaşadək Avropa çempionatında millimizin 13 medal qazanaraq yüksək nəticə göstərib. Yarışda mükafatçılar sırasına düşən idmançılar arasında gəncəli güləşçi də var.
Bu, qitə birinciliyində 74 kq-da güləşən Murad Süleymanovdu. Sərbəst güləş yarışlarında yığmamızı təmsil edən gənc pəhləvan mübarizəyə 1/16 finaldan qoşulub. Güləşçimiz ardıcıl olaraq Gürcüstan, İsrail və Latviyadan olan rəqiblərinin kürəyini yerə vuraraq yarımfinala adlayıb. Finala çıxış uğrunda görüşdə isə o, Belarus təmsilçisini də tam üstünlüklə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.
Murad Süleymanov -23 yaşadək Avropa çempionatının gümüş mükafatçısı: "Finalda türk təmsilçisi ilə güləşdim. Əvvəl geridə olsam da, sonradan hesabda irəli çıxdım. Ancaq görüşdə öz səhvimə görə uduzdum və bu yarışı ikinci yerdə başa vurdum".
Bu nailiyyət Murad Süleymanovun beynəlxalq arenalardakı ilk belə uğuru deyil. 20 yaşlı idmançı bundan öncə Avropa çempionlarında gümüş və bürünc mükafata yiyələnib. Süleymanov aprelin sonunda daha bir mötəbər yarışda iştirak edəcək. O, Bakıda keçiriləcək qran-pri turnirində döşək üzərinə çıxacaq.
Orxan Cəfərzadə
- Baxış: 1374