• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 20.03.2016 16:18

Gəncəli paurliftinqçilər növbəti uğura seviniblər

Bakıda paurliftinq üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda Gəncənin “Zenit” İdman Cəmiyyətinin yetirmələri də iştirak edib. 

Ölkə birinciliyi Ağır Atletika mərkəzində düzənlənib. Yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarından 100-ə yaxın paurlintinqçi qüvvəsini sınayıb. Gəncə idmançıları paytaxta 4 nəfərlik heyətlə yollanıb. Məşqçi Vüsal Əliyevin rəhbərlik etdiyi komanda uğurlu çıxış edərək 3 qızıl və 1 bürünc medala yiyələnib.

Vüsal Əliyev- məşqçi: "Bu yarışda 3 hərəkətdə də iştirak etdik - yerdən dartma, sinədən sıxma və ştanqla əyilib-qalma. Nəticəmiz məni çox sevindirdi. Belə uğurumuz olmamışdı. Qarşıdakı yarışlara daha yaxşı hazırlaşıb, bundan yaxşı nailiyyətə layiq görülərik".

Mükafatçılar sırasında yer alan idmaçılardan 52.5 kq-da Fərid Xambatov, 67 kq çəkidə İsaq Rzayev və 110 kq-da Taleh Dünyamalıyev yarışda fəxri kürsünün ilk pilləsinə qalxıb. Emin Bağırov isə 110 kq-da bürünc medal qazanıb.

Taleh Dünyamalıyev- yarışın qalibi: "Azərbaycan çempionatında paurliftinq idman növündə iştirak elədik. Bundan qabaqkı yarışlara da qatılmışdıq. Ən yaxşı nəticəmiz sonuncu yarışdakı uğurumuz oldu".

Paurliftinq bölməsi “Zenit” İdman Cəmiyyətində 8 ildir ki, fəaliyyət göstərir. İdman ocağında 10-a yaxın paurliftinqçi bu idman növü ilə peşəkar səviyyədə məşğul olur. Onlar arasında müxtəlif vaxtlarda Avropa və dünya çempionatlarının qalibi və mükafatçıları da var.

Orxan Cəfərzadə