• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 07.03.2016 15:42

Gəncədə 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunan cüdo üzrə açıq birincilik keçirilib

Yarış Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə reallaşıb. Birinciliyin açılış mərasimində 5 mart Bədən tərbiyəsi və idman gününün təsis edilməsinin mahiyyətindən danışılıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığı və bu işdə cüdoçuların əməyinin az olmadığı diqqətə çatdırılıb.  Rəsmi hissədən sonra yarış start götürüb.

2004-2006-cı il təvəllüdlü yeniyetmələrin qüvvəsini sınadığı açıq birincilikdə idmançılar 10 çəki dərəcəsində güclünü müəyyənləşdirib. Yarışa ətraf rayon və şəhərlərdən də komandalar qatılıb.

Bu mənada birincilikdə Gəncə cüdoçuları ilə yanaşı, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Şəmkir, Tovuz və Bakı idmançıları da mübarizə aparıb.

Qaya Xəlilov - yarışın baş hakimi: "Çalışırıq ki, cüdo idman növünü Gəncə şəhərində təbliğ edək. Bundan əlavə istəyirik ki, idmançılar arasında dostluq münasibətləri daha da möhkəmlənsin. Bu yaş qrupundan olan idmançılar gələcəkdə respublika birinciliklərində və daha böyük yarışlarda çıxış edəcəklər. İnanırıq ki, həmin cüdoçular Azərbaycanı layiqincə təmsil edəcəklər".

Nəticələrə əsasən, Rəvan Əhmədov Goranboy, Sadiq İsgəndərli, Məhəmməd Nağıyev, Cabbar Hüseynov, Nicat Nağıyev, Zakir Əliyev, İqbal Rzayev hamısı Gəncə TİM, Nihat İsgəndərli Yevlax, Fuad Almazov Bakı və Naftalandan Nürəddin Mehdiyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Sonda mükafatlandırma mərasimi keçirilib. İlk 3-lüyə düşən cüdoçular fəxri fərman, medal və müxtəlif hədiyyələrlə təltif edilib.

Hidayət Şahin