• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 05.03.2016 13:57

Göygöl və Tovuzda idmançılar mükafatlandırılıb

Göygöl rayonunda 5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı məktəblilər arasında kross yarışı keçirilib. 100-dən çox şagird 1 kilometrlik məsafəni qət edərək, birinci yeri qazanmaq uğrunda mübarizə aparıb. Gənclər Mərkəzində son bir ildə rayon idmançılarının qazandıqları uğurlara nəzər salınıb. Göygöldə 3000-dən çox yeniyetmə və gənc idmanla məşğul olur. Onlardan 700-ü təcrübəli idmançılardır. Təkcə Olimpiya İdman Kompleksində 20 idman növü üzrə 170 idmançı peşəkarlıq səviyyəsini artırır. Ötən il rayon idmançıları Respublika əhəmiyyətli və beynəlxalq səviyyəli yarışlarda 15 qızıl, 13 gümüş və 15 bürünc medal qazanıblar. Bir nəfər dünya çempionu və bir nəfər isə Avropa çempionu adına layiq görülüb. Yarışlarda nailiyyət qazanan idmançılara və onların məşqçilərinə fəxri fərman, diplom və pul mükafatları da təqdim olunub.

Bədən Tərbiyəsi və İdman Günü Tovuzda da qeyd olunub. Bu münasibətlə rayon ictimaiyyətinin və idmançıların iştirakı ilə Olimpiya İdman Kompleksində görüş keçirilib. Çıxış edənlər “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsini dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı kimi qiymətləndiriblər. Rayon gəncləri arasında idmanla yanaşı, hərbi sahəyə də marağın ilbəil artdığı vurğulanıb. Məşqçilər rayon gənclərinin müxtəlif turnirlərdə qazandıqları uğurlardan söz açıblar. Bildirilib ki, Tovuzu təmsil edən taekvandoçular beynəlxalq turnirlərdə daha yüksək nəticələr göstərərək vətənə medallarla dönüblər. Sonda qabaqcıl idman mütəxəssisləri, idmançılar mükafatlandırılıb.

Natiq Hüseyn

Rahim İbrahimoğlu