• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 02.03.2016 16:28

Müzəffər Qasımovun 75 illik yubileyi təmtərahlı şəkildə qeyd olunub

Gəncə futbolunun canlı əfsanəsi Müzəffər Qasımovun 75 illik yubileyi təmtərahlı şəkildə qeyd olunub. Yubiley münasibəti ilə təşkil olunan ziyafətdə AFFA və “Kəpəz” PFK İB-in rəsmiləri, futbol veteranları və azarkeşlər iştirak edib.

Müzəffər Qasımovu təbrik edənlər ən xoş arzularını çatdırıb, onun ölkə futbolunun inkişafında göstərdiyi xidmətlərdən bəhs ediblər.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu yubilyarı təbrik edərək, Qasımovun bu gün də yeniyetmə və gənc futbolçu nəslinə nümunə göstərildiyini deyib. Nərimanoğlu sabiq futbolçuya milli komandanın üzərində soyadı yazılmış 75 nömrəli formasını hədiyyə edib.

Mikayıl Nərimanoğlu- AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri: “Müzəffər müəllim futbolumuzun inkişafında xidmətləri olan canlı əfsanələrdən biridir. O, həm məşqçi, həm də futbolçu kimi Azərbaycan futboluna böyük töhfələr verib. Qasımov bu gün də töhfəsini əsirgəmir”.

“Kəpəz” klubu adından danışan icraçı direktor Mehman Allahverdiyev daim Müzəffər Qasımov kimi futbol veteranlarının dəyərli tövsiyyələrinə ehtiyac olduğunu və onun Müşahidə Şurasında yer almasının bu səbəbdən irəli gəldiyini vurğulayıb. Çıxışının sonunda Allahverdiyev yubilyara komandanın formasını bağışlayıb.

Mehman Allahverdiyev- “Kəpəz” PFK-nın icraçı direktoru: “Müzəffər müəllim mənim müəllimim, baş məşqçim olub. İlk dəfə də məni ustalardan ibarət “Tərəqqi” komandasına 10-cu sinifdə oxuyanda bəyənib götürmüşdü”.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov keçmiş futbolçunu fəxri fərmanla təltif edib.

Tədbirdə çıxış edən futbol veteranlarından Tofiq Əliyev Müzəffər Qasımovun futbol həyatının ayrı-ayrı dövrlərinə nəzər salıb, onunla bağlı xatirələrini bölüşüb.

Sovet dövründən Gəncə komandasına azarkeşlik edən və daha çox “arxiv Zahid” kimi tanınan Zahid Hüseynov Qasımovun unudulmaz oyunlarından, Dinamo Kirovabadın uğurlarından danışıb.  

Zahid Hüseynov- futbol azarkeşi: “Mən ötən əsrin 70-ci illərində Müzəffər müəllimin oyunlarının şahidi olmuşam. O, çox güclü futbolçu olub. “7 nömrə qarabala” deyirdilər, dispetçer idi”.

Yubiley tədbiri rəqslərlə davam edib. Vaxtilə futbolçu kimi yaşıl meydanlarda oynamış veteranlar bu dəfə rəqs meydanında bacarığını göstərib.

Azad Rəfi