Tovuzda anadan olsa da, onun futbolçu, məşqçi və rəhbər kimi əsas xidmətləri Gəncə futbolu ilə bağlı olub.
O, Sovet dövründə Kirovabad “Dinamo”sunun əldə etdiyi uğurlarda əsas pay sahiblərindən biri, komandanın kapitanı olub. 1965-ci ildə «Dinamo»çular SSRİ çempionatının birinci, 3 il sonra isə yüksək dəstəsinə vəsiqə qazananda Müzəffər Qasımov Gəncə komandasının sıralarında yer alıb.
Qasımov futbolçu karyerasını başa vurduqdan sonra doğma klubundan ayrılmayıb, baş məşqçi, komandanın rəisi kimi vəzifələrdə çalışıb.
Müzəffər Qasımov-yubilyar: “SSRİ birinciliyinin birinci dəstəsinə və yüksək liqasına çıxmaq, kiçik qızıl medalı almaq tək mənim yox, bütün Gəncə futbolu üçün unudulmazdır. Böyük bayramdır”.
Müzəffər Qasımov çox gənc yaşda “Toxucu”nun heyətinə cəlb edilib. Gəncədə oynamağa başlayanda onun cəmi 18 yaşı olub.
Çox keçmədən əsas heyətdə yerini möhkəmləndirən futbolçu 24 yaşında komandanın kapitanı seçilib və karyerasının sonuna kimi Gəncəyə sadiq qalmaqla, sarğını özündə saxlayıb.
Müzəffər Qasımov- yubilyar: “Məktəbdə oxuyurdum, 10-cu sinfi qurtarandan sonra məni bura dəvət elədilər. O vaxt bir “Neftçi” vardı. Sonra da 1959-cu yeni təşkil olunmuş “Toxucu”. Çox sevinmişdim, inanmazdım ki, məni komandaya dəvət edərlər”.
Qasımovun “Toxucu” ilə başlayan karyerası bu gün “Kəpəz” ilə davam edir. Sabiq futbolçu hazırda “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü kimi futbol sahəsində fəaliyyətdədir.
Azad Rəfi
- Baxış: 992