Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin nəticələrini Gəncə yığması üçün uğurlu hesab etmək olar. Belə ki, yarışın mükafatçıları arasında Nizami yurdunun təmsilçisi də yer alıb.
Gəncə cüdoçularından Turan Bayramov 2002-2004-cü il təvəllüdlü tatami ustalarının mübarizəsində bütün görüşlərini qələbə ilə başa vuraraq yarışın baş mükafatını qazanıb. Ötən il respublika birinciliyini 5-ci yerdə baş vuran Bayramov cari yarışda nəticəsini yaxşılaşdırmaqla 38 kq çəki dərəcəsində rəqib tanımayıb.
Turan Bayramov- ölkə birinciliyinin qalibi: "Azərbaycan birinciliyində 6 görüş keçirdim. Bu görüşlərin hamısında qalib gələrək birinci yerə layiq görüldüm. Finala çıxış rəqibim Bakı idmançısıydı. Ona təmiz qələbə ilə qalib gələrək finala çıxdım. Həlledici mərhələdə isə rəqibim Sumqayıt cüdoçusuydu. O, çox güclüydü. Rəqibimi xal hesabı ilə məğlub edərək çempion oldum".
Turan Bayramov 1 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirməsidir. O, məşqçi Xanəhməd Rzazadənin bölməsində 5 ildir ki, cüdo ilə məşğul olur.
Xanəhməd Rzazadə- 1 saylı UGİM-in cüdo bölməsinin baş məşqçisi: "Azərbaycan birinciliyinə ciddi hazırlaşmışdıq. Yarışda 4 idmançı ilə iştirak edirdik. Yetirmələrimdən Turan Bayramov çempion adını qazandı. Bu bizi sevindirir. Mən digər cüdoçulardan da nəticə gözləyirdim. Qismət olmadı. Gələn yarışlarda onlardan da nəticə gözləyirik. Turan Bayramovun isə beynəlxalq yarışlarda uğur qazanmasını arzulayırıq".
Yeniyetmə cüdoçu buna kimi dəfələrlə müxtəlif səviyyəli şəhər və respublika turnirlərinin qalibi və mükafatçısı olub. Onun bu ilki ölkə birinciliyindəki nəticəsi karyerasının ilk ciddi uğuru kimi yadda qalacaq.
Gəncə cüdoçuları idmansevərləri uğurlu çıxışlara alışdırıb. Ona görə bu nəticə nə ilkdir, nə də ki, gözlənilməz.
Azad Rəfi
- Baxış: 1564