• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 09.02.2016 15:44

Gəncədə yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə açıq birinciliyə yekun vurulub

2 fevral - Gənclər gününə həsr olunan yarış Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutub.

1999-2001-ci il təvəllüdlü yeniyetmələr arasında reallaşan yarışda

100-ə yaxın pəhləvan iştirak edib. Güləşçilər 10 müxtəlif çəkidə güclünü ayırd etməyə çalışıb. Birincilikdə Gəncə idmançıları ilə yanaşı, Yevlax və Göyçay təmsilçiləri də mübarizə aparıb.

Faiq Məmmədov- yarışın baş hakimi: "Bu yarışı keçirməkdə əsas məqsəd, gənclərin sağlam idmanla məşğul olması, perspektivli güləşçiləri qarşıdakı ciddi yarışlara hazırlamaq və onların üzərində çalışaraq uğurlar qazanmaqdır. Burada beynəlxalq turnirlərdə yer tutan idmançılar iştirak edir ki, onlar daha sonra bir araya toplanaraq təlim-məşq toplanışında iştirak edəcək və Təhsil Respublika İdman Mərkəzini beynəlxaq yarışlarda təmsil edəcək".

Yarışın nəticəsinə əsasən, 42 kq çəki dərəcəsində Röyal Kazımzadə, 46 kq-da Ramiz Həsənov, 50-kqda Asif Məhərrəmov, 54-də İsa Həsənov, 58 kq çəki dərəcəsində Samir Məmmədov, 63-də  Coşqun Bayramov, 76 kq Yasin Cümşüdov, 85-də Muraz Əlsəgərov və nəhayət, 100 kq-da Xasay Yusifov yarışın qalibi adını qazanıb. Mükafatçılar sırasına düşən idmançılar medal və fəxri fərmanla təltif edilib.

Əldə olunan medalların sayına və əyarına görə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının güləşçiləri komanda hesabında 1-ci olub.

Qeyd edək ki, bu yarışda yer tutan idmançılar respublika birinciliyində qüvvəsini sınamaq şansı qazanacaq. Gəncə şəhərində baş tutacaq yarış aprel ayında keçiriləcək.

Hidayət Şahin