• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 807
— 07.02.2016 16:18

“Kəpəz” “AZAL”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları arxada qalıb. Çempionatın ikinci yarısına uğurlu start verən Gəncənin "Kəpəz" klubu növbəti qələbəsi ilə azarkeşləri yenidən sevindirib.

Turun son oyun günündə Şahin Diniyevin yetirmələrinin rəqibi AZAL klubu olub. Havanın yağışlı və soyuq olmasına bamxayaraq, qarşılaşmanı izləmək üçün stadiona 12 000 azarkeş toplaşıb. Əsasən xoşbəxtliyi uzaq məsafədən endirilən zərbələrdə axtaran tərəflərin ilk belə cəhdi 17-ci dəqiqəyə təsadüf edib. "Təyyarəçilər"in heyətində Emin Cəfərquliyev şansını yoxlasa da, zərbəsi istədiyi kimi alınmayıb. Əvəzində ev sahiblərinin yaratdığı hücum qolla nəticələnib. Qonaqların heyətində Taqim Novruzovun topu uzaqlaşdıra bilməməsi, Budaq Nəsirovun dəqiq zərbə ilə yadda qalmasına imkan yaradıb.

İkinci hissədə hesabı bərabərləşdirmək üçün irəli atılan Tərlan Əhmədovun yetirmələri yenə bir neçə dəfə uzaq məsafədən qapını nişan alıb. Ancaq bütün hallarda top çərçivəyə düşməyib. Final fitinə 5 dəqiqə qalmış qərb klubu oyuna son nöqtəni qoyub. Gəncəlilərin kamerunlu hücumçusu Julien Ebah baxımlı zərbə ilə Stanislav Namaşkonu məyus edib. Bir qədər sonra paytaxt futbolçuları daha bir zərbə alıb. Budaq Nəsirova qarşı qaydanı pozaraq ikinci sarı vərəqə görən Taqim Novruzov komandasını azlıqda qoyub. Beləliklə rəqibini iki cavabsız qolla məğlubiyyətə uğradan "Kəpəz" xallarının sayını 32-yə çatdıraraq turnir cədvəlində 3-cü sıraya yüksəlib.

Şahin Diniyev - “Kəpəz”in baş məşçisi: "Komandam əvvəl göstərdiyi taktiki-texniki və kombinasiyalı oyundan başqa, atletik oyunla bir daha onu sübut etdi ki, hər bir komandaya qarşı hazırlıqlıyıq. Mənə elə gəlir ki, hesab oyuna görə oldu. AZAL-a uğurlar arzulayıram. Futbolçularımın hər birinə təşəkkür edirəm ki, çətin vəziyyətdə, bu ağır meydançada və qapanmış kollektivə qarşı görüşdə qol vəziyyətlərindən yararlana bildik".

Julien Ebah - "Kəpəz"in oyunçusu: "Bu gün çox çətin oyun oldu. Əvvəlcədən təxmin edirdik ki, qələbə qazanmaq bizim üçün heç də asan olmayacaq. Ancaq buna baxmayaraq, qalib gəldik. Mən çox şadam ki, Kəpəzdə çıxış edirəm. Çünki bu komanda Azərbaycanın ən yaxşı azarkeşlərinə malikdi. Bizim qələbə qazanmağımızda onların dəstəyinin böyük payı var.  Bir sözlə xoşbəxtəm ki, bizim komandanın bu cür fanat ordusu var. Son iki oyunda 3 qol vurmuşam. Bu da normaldı. Çünki mən hücumçuyam. Bu gün vurduğum qolla komandanın qələbəsinə töhfə verdim, sevindiricidir. Amma bu oyun geridə qaldı. Qarabağla oyun haqda düşünməliyik".

Hidayət Şahin

Azad Rəfi