• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 30.01.2016 15:23

Şəmkirdə şəhid Şərif Alməmmədovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir rayonunun Qılıncbəyli kəndində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Şərif Alməmmədovun əziz xatirəsinə həsr olunmuş futbol üzrə rayon turniri keçirilib. Yarış iki həftə davam edib.

Bu turnir ənənəvi xarakter daşıyır. Belə ki, yarış 2002-ci ildən müntəzəm olaraq hər il keçirilib. Bu mənada builki yarış sayca 16-cıdır.

Cari turnirdə Şəmkir rayonunun qəsəbə və kəndlərinin 8 komandası qüvvəsini sınayıb. Yarışda Zəyəm, Morul, Muxtariyyə, Şaparlı, Qılıncbəyli kəndləri və Kür qəsəbəsini təmsil edən həvəskarlardan ibarət kollektiv çıxış edib. Birinciliyə ev sahibliyi edən Qılıncbəyli kəndi iki komanda ilə təmsil olunub. Şöhrət Hüseynov adına orta məktəblə yanaşı, Qılıncbəylinin əsas komandası mükafatlar uğrunda mübarizə aparıb.

Rahib Alməmmədov- yarışın təşkilatçısı: “Məqsədimiz, həm şəhidlərin xatirəsini yad etmək, həm də gəncləri futbola cəlb eləməkdir. Gələcəkdə yarışların əhatə dairəsini böyüdüb rayonlararası keçirmək istəyirik. Buna imkanımız da var”.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə kollektivlər olimpiya sistemi ilə deyil, öncə qrup mərhələsində yarışıblar. İki qrupa bölünən komandalardan 4 ən yaxşı nəticə göstərini yarımfinala adlayıb. Bu mərhələnin oyunlarının yekunlarına əsasən, Zəyəm və Morul kəndlərinin futbolçuları finalda qarşılaşıb. Həlledici görüş birincilərin 3:0 hesablı qələbəsi ilə sona çatıb.

Səbuhi Quliyev- “Şəmkir” futbol klubunun mətbuat katibi: ““Şəmkir” futbol klubu olaraq yarışları diqqət mərkəzində saxlayırıq. İstedadlı uşaqlar var, onalara baxıb məşqçilər korpusuna adlarını təqdim edəcəyik. Seçilən futbolçular müvafiq yaş qrupları üzrə komandalara cəlb olunacaq”.

Mükafatçı komandalarla yanaşı, yarışda müxtəlif nominasiyalar üzrə qaliblər də müəyyənləşib. Turnirin qalibi olan Morul komandasının üzvü Nicat Mahmudov ən yaxşı qapıçı, Qılıncbəylidən Nizami Məhərrəmov isə ən yaxşı futbolçu seçilib. Birincilikdə ikinci yeri tutan Zəyəm komandasından Sənan Qocayev bombardir kimi fərqlənib.

Azad Rəfi