Cüdo üzrə əsas yığma komandalarımızla yanaşı, paralimpiyaçı tatami ustalarımız da mütamadi olaraq ölkə xaricində təlim-məşq toplanışına yollanır. Gəncə cüdoçusu Ramil Qasımovun da heyətində yer aldığı paralimpiya millimiz 2016-cı ildə ilk olaraq Gürcüstanda hazırlıq keçib.
Qonşu ölkədəki təlim-məşq toplanışı Rio Olimpiya oyunlarına hazırlıq mərhələsinin startı olub. Toplanışda 12 cüdoçu iştirak edib. Yanvarın 18-dən 26-dək davam edən hazırlıq prosesinə Gürcüstan idmançıları da qatılıb. Toplanış müddətində məşqçilər korpusu əsasən fiziki göstəriciləri yaxşılaşdırmağa diqqət yetirib.
Ramil Qasımov- paralimpiyaçı: "Biz Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışı keçdik. Hazırlığa əsas və gənclərdən ibarət heyət qatılmışdı. Dağlıq ərazi olduğu üçün biz ora getdik ki, fiziki məşqlərimizi edək və təcrübəmizi gürcü cüdoçularla bölüşək".
Bu, paralimpiya yığmamızın olimpiada öncəsi xaricdə sonuncu təlim-məşq toplanışı olmayacaq. Milli komandanın Rio Olimpiya Oyunlarınadək həm Azərbaycandan kənarda, həm də ölkə daxilində hazırlıq keçəcəyi planlara daxildir.
Ramil Qasımov- paralimpiyaçı: "2016-cı il olimpiya ili olduğundan bizim boş vaxtımız yoxdur. Çünki hər ay ən azı bir təlim-məşq toplanşımız olmalıdır. Azərbaycandan kənarda Rusiyanın Kislovodsk şəhərində və yenə Gürcüstanda toplanış planlaşdırılır. Həmçinin ölkə daxilində Bakı və Sumqayıtda hazırlıqlarımız olacaq. Beləcə? bizim təlim-məşqlərimiz davam edəcək."
Rio olimpiadası Ramil Qasımovun idmançı karyerasında qatılacağı ikinci olimpiya oyunları olacaq. Gəncəli idmançı Pekindəkindən fərqli olaraq, Braziliyada paralimpiyaçı kimi tatami üzərinə çıxacaq.
Orxan Cəfərzadə
- Baxış: 799