Prezident İlham Əliyev: “Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”
“Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verib və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilirlər.” Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib. Dövlət başçısı əlavə edib:
“Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Onlar yaşadıqları ölkələrin dövlətçiliyinə töhfə veriblər.” Prezident müstəqil Azərbaycan dövlətinin tarixinin dərindən tədqiq olunmasının əhəmiyyətini də vurğulayaraq bildirib: “Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının tarixində bu qədər güclü olmamışıq.” Dövlət başçısı, həmçinin qeyd edib: “Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.” Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Azərbaycan şirkətləri “dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər.” O, əlavə edib ki, “bir neçə aydır Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır” və bu sahədə Azərbaycan alimlərinin fəal iştirakı vacibdir.
- Baxış: 86
