• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 09.08.2024 17:37

Evlərin qiyməti niyə sürətlə artır?

KepezTV Player

Eşqin Hümbətov- şəhər sakini: “3-4 ay bundan əvvəl biz yeni bir ünvana köçmək üçün evlə maraqlanırdıq. 3 otaqlı bina evi idi. Evlərin qiyməti 3 ay əvvəl 50-60 min aralığında idi, son vaxtlarda qiymətlər od tutub yanır. 70 minə deyirdilər, qalmışıq çıxılmaz vəziyyətdə”.

Eşqin Hümbətov kimi bir çox insan mənzil bazarındakı bahalaşmadan şikayətlənir. Gəncədə son aylarda əhalinin artımı, şəhərə köç edənlərin sayının çoxalması daşınmaz əmlaka olan tələbin yüksəlməsinə səbəb olur.  Rieltorlar bildirirlər ki, əsasən köhnə tikili binalar şəhərin mərkəzində və digər əlverişli yerlərdə yerləşdiyi üçün qiymət artımı qaçılmaz olur.

Ceyhun Muğalov- rieltor: “Təzə binalardan fərqli olaraq, köhnə binalarda süni şəkildə qiymət artımı müşahidə olunur. Əvvəl misal üçün, köhnə binalarda 2 otaqlı evi alırdın  55-60 minə, indi 65-70 minə deyirlər. Qiymətlər dəhşətli şəkildə artıb”.

Fərhad Əhmədov- rieltor: “Köhnə  binalardakı mənzillərin qiyməti həqiqətən süni sürətdə qalxıb. Yeni tikili binalarda qiymətlər nisbətən  stabildir, ancaq köhnə binalardakı evlərin qiymətləri qalxıb. Qiymətlər o dərəcədə qalxıb ki, insanlar almaq istəyirlər, amma ala bilmirlər”.

Evlərin qiymətlərinin artması kirayə bazarına da təsir edib. Kirayə qiymətləri artıb. İnsanlar daha münasib təkliflər üçün axtarışa məcbur olur. Bu isə kirayə bazarında qeyri-stabilliyə gətirib çıxarır.

Elnur Fərzəliyev- əmlak məsələləri üzrə ekspert: “Gəncə  şəhərində bina evlərinin qiymətlərinin artmasının başlıca səbəblərindən biri də həmin ərazilərin turistik zonalar olması  və digər ərazilərdən Gəncə və Gəncəətrafı ərazilərə ciddi şəkildə  turist axınının səbəb olmasıdır. Turist axını artdıqca, artıq həmin ərazilərdə  daşınmaz əmlakın həm satışına, həm kirayə  qiymətlərinə tələbat artır. Böyük şəhərlərdə qiymət artımının  digər səbəblərindən biri də, uzun illərdir ki, Rusiyanın apardığı müharibə səbəbindən həmin ölkədə  olan soydaşlarımızın bir hissəsinin geri dönməsidir, bu, artıq bölgələrdə də daşınmaz əmlaka tələbatı artırır, həmçinin tələbatın artması səbəbindən növbəti qiymət artımı gözlənilir”.

Ekspertlərin fikrincə, gözlənilən baş verərsə, tənzimləyici tədbirlərin həyata keçirilməsi lazım gələ bilər.