• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 29.07.2024 19:53

Yağış suları fəsadlar törədib

KepezTV Player

Bir neçə gündür yağan yağışlar Gəncədə çətinliklərə yol açıb. Həm şəxsi, həm də ictimai mənadə problemlər yaşadıb. Evlər, yollar, sahələr subasma nəticəsində zərər görüb. Goranboyda da eyni vəziyyət yaranıb.

Yağan yağış suları Gəncənin bir neçə hissəsində yaşayış evlərinə ciddi ziyan vurub. Evlərin həyətlərinə və zirzəmilərinə su dolub. Bir neçə evin fasad hissəsi yararsız hala düşüb.

Orxan Yusifov- zərərçəkən: “Zirzəmi göz qabağındadır. İki dənə zirzəmidir, arxadan “Buz zavodu” deyilən ərazidən yağış suları axır, gəlir arxadakı boş yerdən evlərin hamısına dolurlar. Elektrik cihazlarına, qab-qacağın hamısına ziyan dəydi. Qonşular da eyni vəziyyətdədir. Ümumiyyətlə, bu küçəyə o tərəfdən giriləsi deyil. Elə evlər var ki, təzə tikilmişdilər heyif oldular. Təzə remontlu evlərdir, ziyan oldu”.

Samir Lazımov- zərərçəkən: “Yağan yağışlar nəticəsində mənim evimə dəyən ziyan çoxdur. Motor nəticəsində suyu bir belə çəkmişik. Su burayla bir idi, bütün göl idi. Divarlarım aralanıb. Demək olar ki, pol ağzına kimi suyun içində idi. İndi motor qoşub, bir az çəkmişik. Ev təmiz aralanıb. Hasarlar, bütün divarlar bəlkə də 5 sm aralanıb”.

Cavid Hüseynov- zərərçəkən: “Evi su basıb, zirzəmimizə su dolub. Evin altı pola qədər doludur. Hal-hazırda zirzəmidən suyu vedrə ilə çəkirik, həyətdən də motor vasitəsilə suyu eşiyə buraxırıq”.

Güclü yağış şəhərin Nizami küçəsində yerləşən tuneli subasmaya məruz qoyub. Üzərində Nizami məqbərəsinin yerləşdiyi tunel şəhərin əsas giriş-çıxış avtomobil yolu olduğundan hərəkətdə çətinliklər yaşanıb.

Elnur İmanov- FHN GRM-in sektor müdiri: “Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağışlar müxtəlif fəsadlara yol açmışdır. Həmin fəsadların aradan qaldırılması istiqamətində Gəncə şəhərində FHN –nin qüvvə və vasitələri mütəmadi işlər aparır. Hal-hazırda gördüyünüz kimi ərazidən suların çəkilməsi və yolun açılması istiqamətində işlər görülür və işlər bundan sonra da davam etdiriləcəkdir”.

Görülən tədbirlərlə Gəncədə körpü altına dolan yağış suları xüsusi nasoslarla tamamilə çəkilib və yolun istifadəsi tam bərpa olunub.

Yağıntılı hava Goranboy rayonuna da təsirsiz ötüşməyib. Rayonun Dəyirmanlar kənd tam orta məktəbi sel suları altında qalıb. Məktəbin sinif otaqları yararsız hala düşüb.

Tural Camallı- Dəyirmanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşı: “Gördüyünüz Dəyirmanlar kənd tam orta məktəbi və bir də Azad kəndindəki ibtidai məktəbə ziyan dəyib. Əhalinin təsərrüfatına da ciddi ziyan dəyib. Hadisənin baş verdiyi andan etibarən rayon fövqəladə hallar komissiyası işi nəzarətə götürüb”.

Sel suları nəticəsində kəndlərdə bir neçə yaşayış evi və fərdi təsərrüfatlar da su altında qalıb. Rayon ərazisində əsasən pambıq və günəbaxan yetişdirilən sahələrin bir çoxunu da su basıb.

Saday Allahverdiyev- zərərçəkən: “2 gün yağan yağış mənə ziyan vurub. 30, 40 dənə cücəm ölüb. Unum da batıb. Səhər baxdım ki, başıma uçur, tez uşaqları çağırdım ki, mənə kömək edin, çıxardılar. Yeriyə də bilmirəm, ayağım da sürüşdü, yıxıldım. Kənddə də bütün hər yerə sel gəlib, Nizami, Azad kəndidir hamısını sel yuyub aparıb”.

Aslan Məmmədov- zərərçəkən: “Məhlələrimizi su basıb, əkinlərimiz suyun altındadır. Hər il də gəlir sel, 2 ildir dayanmadan gəlir”.

Saleh Abdullayev- zərərçəkən: “Bu kəndi həmişə sel basıb, amma qıraqlardan axırdı. Amma 2 ildir asfaltın altından açılan o borular bu kəndə zülm verir. Bunu keçən il su idarəsinin müdirinə də dedim. Bir nəfərin də evini sel basmışdı. Bu kənddə 216 təsərrüfatdır - təzə məhlələr, köhnə məhlələr. Bəzi hissəsini - köhnə məhləlləri sel tutmur, təzə məhlələr bu gündədir. Birinin kartofunu basdı lilləndirdi, birinin cücəsini tövləsində boğdu, birinin zirzəmisinə doldu”.

Dəyirmanlar kəndinin əsas girişindəki yolun altından axan kanal daşdığından yolu kəsərək kəndə giriş-çıxışı məhdudlaşdırıb. Müvafiq qurumlar tərəfindən aparılan tədbirlər nəticəsində avtomobil yolunda hərəkət bərpa edilib.

Seymur Nəzərov- Samux rayon Fövqəladə Hallar Komissiyasının sədri: “İntensiv yağan leysan xarakterli yağışlar nəticəsində rayonun Nizami, Dəyirmanlar, Azad, Borsunlu, Nadirkənd, Qazançı kəndlərində və eyni zamanda Qazanbulaq qəsəbəsinə sel suları dolmuşdur. Rayon rəhbərliyi və rayon Fövqəladə hallar komissiyasının üzvləri hadisə baş verən andan ərazidə olmuş, ağır texnika cəlb olunaraq selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılmışdır. Hazırda Dəyirmanlar və Azad kəndlərində 30 hektardan artıq əkin sahəsinə, 5 fərdi yaşayış evinə və Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə sel suları dolmuşdur. Regional  Aran FHN- əməkdaşları da hazırda ərazidədir. Məktəbdən lilin çəkilmə işlərinə başlanılmışdır. İtki və tələfat yoxdur. Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər aparılır”.

Hazırda təbii fəlakətin ziyanlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Əhaliyə dəymiş ziyan hesablanır.

Pərvin Abbaszadə