• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 01.07.2024 19:53

Benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb

KepezTV Player

Tarif Şurasının qərarı ilə bu gündən Aİ-92 markalı benzinin qiyməti 1 litr üçün 1 manat 10 qəpik, dizel yanacağı üçün isə 1 manat müəyyən edilib. İyulun 15-dən Aİ-95 markalı benzinin 1 litrinin qiyməti isə 1 manat 60 qəpik olacaq. Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. 

İlkin Axundov- Bakı Ali Neft Məktəbinin mərkəz rəhbəri: “İstənilən Avropa ölkəsində, istənilən dünya ölkəsində hal-hazırda islahatlar həyata keçirilir ki, dizellə benzin arasında qiymət fərqi xeyli azalsın. Və hətta bir çox dünya ölkələrində dizelin qiyməti benzindən daha artıqdır. Bu təbii ki, qarşımızda duran başlıca məqsədlərdən biri olan elektromobillərə hibridlərə keçidi daha asanlaşdırır. İstehlakçıların və hətta istehsalçıların dizel yanacağından və hətta benzinin özündən də uzaqlaşmasında, tədricən həyata keçirilən proses kimi təmin edir. Gələcəkdə Avropa İttifaqının bir proqramı var ki, 2035-ci ilə kimi daxili yanmaq mühərrikləri, dizel və benzin istifadə edən mühərrikləri olan nəqliyyat vasitələrinin istehsalı ümumiyyətlə dayandırılacaq. Satışı da qadağan olunacaq”.

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Avtomobillərin istehsal tarixi 8 ildən az olmalı, onların rəngi ağ və ya qırmızı olmalıdır. İcazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları da məsuliyyətə cəlb olunacaq. Avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir. Taksilər “Avro-5” ekoloji standartına da uyğun olmalıdır.

İyulun 1-dən ictimai nəqliyyatın tariflərində də yeniliklər edilib. Müntəzəm şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri 50 qəpik olub. Avtobuslar videokameralarla təchiz olunmalı və rəng tələbinə uyğun olmalıdır.

Elməddin Muradlı- nəqliyyat eksperti: “Şirkətlərin hesablamalarına görə, bir sərnişinin daşınması təxminən 80 qəpik üzərindədir. Onlar da təxminən bunun yarı qiymətini ödəyəndə yarısını da dövlət ödəməli olur. Dövlət də hazırda bunun bir hissəsini qarşılaya bilir. İstənilən halda gedişhaqqı tənzimlənməlidir və şirkətlər bunu dəfələrlə əsaslandırıb, məsələ qaldırıblar. Daşıyıcı şirkətlərin tələbləri daha yüksək idi. 60, 70 qəpik söhbəti vardı. Dövlət tərəfindən yalnız 10 qəpik bu da yalnız şəhərdaxili qısa məsafələrə gedişlərlə bağlı oldu”.

Bundan başqa, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinə əsasən 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb. 15 sentyabr 2023-cü il tarixindən ölkədə bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri yuxarı hədd səviyyəsində təsdiq edilir. Yəni dərmanlar təsdiq olunan qiymətlərdən aşağı qiymətə satıla bilər.

Vüsalə Cənnətova