“Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir”. Bunu Prezident İlham Əliyev Kanada səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib. Prezident sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını da bildirib. Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.
Prezident İlham Əliyev Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovun etimadnaməsini də qəbul edib. Türk Dövlətləri Təşkilatının ilk dəfə Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunulub. Bu tədbirdə dövlət başçıları arasında aparılacaq dialoq və müzakirələrin önəmi vurğulanıb. Maksat Mamıtkanov Azərbaycanın Qırğızıstana yatırdığı irihəcmli investisiyaların ölkə iqtisadiyyatının inkişafına böyük kömək göstərdiyini deyib. Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə də toxunulub.
Bu gün həmçinin, Prezident İlham Əliyev Filippinli diplomat Henri Bensurtonun etimadnaməsini qəbul edib. Dövlətimizin başçısı COP29 çərçivəsində Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və körpülərin qurulmasına çalışacağını vurğulayıb. İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Vüsalə Cənnətova
- Baxış: 398