Yay aylarının nəfəskəsən istisində canımıza həm sərinlik, həm şirinlik gətirən nədir? Əlbəttə, dondurma! Növləri və çeşidləri fərqli olan bu sərinləşdirici məhsulun dadı nə qədər xoş olsa da, istifadəsi də bir o qədər zərərsiz olmalıdır. Ona görə də, diqqətli olmalıyıq ki, fəsadları bizdən yan keçsin.
Dondurma, yay aylarında sərinlədici bir ləzzət olduğu kimi, il boyunca zövqlə istifadə olunan bir məhsuldur. Ancaq mövsümü olduğundan tez-tez qəbul edilən bu dadlı desertin sağlamlığımıza təsirini düzgün qiymətləndirməliyik. Çünki hər parlayan qızıl olmadığı kimi, hər satılan dondurma da istehlak xüsusiyyətlərinə uyğun olmaya bilər.
Ruslan Orucov- satıcı: “Bizim marketdə cürbəcür dondurmalar var və fərqli firmalardan dondurma qəbul edirik. Onları alarkən keyfiyyətinə və sertifikatına nəzər yetiririk və müştərilərin narazı qalmaması üçün son istifadə tarixinə diqqət yetiririk”.
Cavidan Səfərov- satıcı: “Havaların isinməsi ilə bağlı hal-hazırda dondurmalara tələbat artıb. Biz burda əsas sertifikatını götürürük ki, insanlar keyfiyyətli məhsul istifadə etsinlər. Biz əsas keyfiyyətinə nəzarət edirik ki, insanlar qidalandıqdan sonra zəhərlənməsinlər”.
Elə alıcıların da diqqət yetirmələri olduqları əsas məsələ keyfiyyətdir. Lakin burada qiymət amili rol oynadığından, bəzi hallarda keyfiyyət keçir ikinci plana. İstənilən halda istifadə müddətinə və saxlanma şəraitinə diqqət yetirilməlidir.
Alıcı: “Son istifadə tarixinə fikir veririk. Keyfiyyətləri pis deyil. Əsas odur ki, vaxtı keçməsin. Vaxtı keçəndə, xəstəliklər törədə bilər. Havanın soyuq vaxtı olsa olur- angina da əmələ gətirə bilər. Amma indi camaat onsuz da öyrənib. Hamı istifadə edir”.
Alıcı: “Düzdür, insanlar sərinləməkdən ötrü alır ki, bir az sərinləyək. Amma birdən çox yeməyi məsləhət görmürəm. Çünki insanın boğazını gətirə bilər. Mən ən çox dondurmanı alanda birinci son istifadə tarixinə baxıram ki, keyfiyyətli olsun. Qiymət barədə də çox ucuz da yaxşı bir şey deyil. Orta olsun ki, normal keyfiyyətdə olsun ki, biz onu yeyə bilək”.
Alıcı: “Dondurma alanda əsasən dondurmanın son bitmə tarixinə baxırıq. Çalışırıq ki, bir az yeni dondurma alaq ki, zəhərlənmə olmasın. Evdəkilərə də, özüm də çalışıram ki, gündə 1 dənə yesinlər. Çünki çox yesək, əlbəttə ki, bu, düzdür sərinləmək istəyirik, amma bunun fəsadı ola bilər, boğazımız ağrıya bilər. Ona görə çalışırıq ki, gündə maksimum 1 dənəsini yeyək”.
Sağlamlığa qeyd edilən təsirlərin müşahidə olunmaması üçün diqqətli olmaqda fayda var. Çünki bəzi dondurmalarda müxtəlif növ qatqı maddələri var ki, bu da insan sağlamlığı üçün təhlükəli ola bilər. Dadlandırıcı və rəngləndirici kimi kimyəvi maddələr də bu sıradandır.
Tünzalə Haxverdiyeva- həkim: “Bəzi dondurmalar var ki, üstlərinə sintetik rənglər vurulur. Bunlar insan orqanizmində allergik reaksiyalar verməyə yol açır. Dondurmaların bəzilərinin tərkibində yağlılığı az olur, buzluluğu çox olur. Belə dondurmaları yeyən uşaqların, böyüklərin boğazında angina yaranır, faringit yaranır. Eyni zamanda həmin buzlu dondurmalar insan orqanizminə, mədə-bağırsağa pis təsir göstərir. Bəzən dondurmalar qablarında əzilmiş olurlar. Əgər əzilmiş dondurmadırsa, bunlar deməli bir dəfə əriyib, təzədən bərkidiblər. Bu, insanlarda zəhərlənmələrə gətirib çıxara bilər”.
Belə halların yaşanmaması üçün AQTA tərəfindən mütəmadi olaraq dondurma istehsalçılarına monitorinq edilir. Bu il istehsal zamanı insan həyatı üçün təhlükəli sayıla biləcək nöqsanlar aşkar olunduğundan bəzi dondurma istehsalçısına qarşı profilakatik tədbirlər görülüb.
Elxan Mikayılov- AQTA-nın Aparat rəhbəri: “AQTA müvsümi olaraq dondurmalara monitorinqlər həyata keçirir. Monitorinqlər zamanı həm ölkədə istehsal olunan, həm ölkəyə idxal olunan məhsullardan nümunələr götürülüb. Ümumilikdə 69 məhsul çeşidindən nümunələr götürülərək laboratoriyalara təqdim olunub. Müayinə zamanı məhsulların həm təhlükəsizlik göstəriciləri, həm keyfiyyət göstəriciləri, həm mənşə göstəriciləri təhlil olunub və nəticədə 4 istehsalçıya məxsus 10 məhsulda bakteriya aşkarlanıb. Bununla bağlı həm istehsalçı müəssisələrə, həm ticarət şəbəkələrinə məhsulların geri çağırılması ilə bağlı tapşırıq verilib. Artıq məhsulların böyük bir hissəsinin geri çağırılması təmin edilib”.
Göründüyü kimi, qablaşdırması cazibədar olan məhsulların heç də keyfiyyəti və qiyməti dondurmanın ləzzətini çıxarmaq üçün yetərli deyil. Qiymətindən asılı olmayaraq alınan dondurma ağız dadınıza və sərinləməyinizə rəğmən sağlamlığınıza da adekvat olmalıdır. Odur ki, dondurma ilə sağlamlığımızı dondurmayaq.
Pərvin Abbaszadə
- Baxış: 301