• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 07.06.2024 19:40

Millimiz nailiyyətini yeniləmək niyyətindədir

KepezTV Player

Ötən il İspaniyada 20 yaşadək yunan-Roma güləşçilərinin Avropa çempionatında 44 xal toplayaraq komanda hesabında 1-ci olmaqla Azərbaycan güləşində tarix yazan milli komandamız Göygöldə təlim-məşq toplanışı keçir. Yığmamız növbəti qitə yarışında yaxşı çıxış etməklə uğuru davam etdirmək arzusundadır.

Priney yarımadasında keçirilən ötənilki Avropa çempionatında iki cüt medal dəsti qazanan gənclərdən ibarət seçməmiz məşqlərini yerli Olimpiya İdman Kompleksində keçir. 2 həftədən çox davam edən hazırlıqda əsasən fiziki çalışmalar üstünlük təşkil edib. 24 güləşçinin iştirak etdiyi toplanış Avropa çempionatına hazırlıq xarakterli olub.

Nurəddin Rəcəbov- milli komandanın böyük məşqçisi: “Təlim-məşq toplantılarımız həqiqətən yüksək səviyyədə keçirilibdir. İl boyu federasiya tərəfindən hazırlıqlarımız təmin olunub. Göygöldə çox ağır fiziki məşqlər keçdik. İnanıram ki, nəticələr yaxşı olacaq”.

Yığmamızın heyətində yer alan İspaniyadakı Avropa çempionatının qalib və mükafatçıları bu dəfə də ölkəyə ürəkaçan nailiyyətlə dönməyi hədəfləyiblər. Gənc pəhləvanlar Göygöldəki hazırlığın onların qarşıdakı yarışda iştirakına böyük xeyri dəyəcəyini ifadə ediblər.

Davud Məmmədov- milli komandanın üzvü: “Ən vacib toplanışlarımızdan biridir. Burada fiziki hazırlığımızı yaxşılaşdırdıq. Qarşıdakı Avropa çempionatında rəqiblərimizdən üstün olmaq üçün bu, böyük rol oynayacaq. Ümid edirik ki, Avropa çempionatında da güləşsevərləri sevindirərik, ölkəmizə qızıl medalla qayıdarıq. İkinci dəfədir burada hazırlıq keçirəm. Birinci dəfə yeniyetmələrlə gəlmişdim. Həmişəki kimi hər cür şərait var. Buranın havası təmizdir, əsas odur. Bu toplanışların bizim üçün həmişə xeyri böyük olub”.

Ruslan Nurullayev- milli komandanın üzvü: “Məşqlər yüksək səviyyədə keçir. Məşqçilər hamısı əlindən gələni edir. Özümüz də maksimum çalışırıq. Keçən il Avropa çempionatında komandamız tarix yazmışdı. Həm komanda şəklində, həm də mən özüm o yarışda çempion olmuşdum. İnşallah, eyni nəticəni daha yüksək xallarla təkrarlamağa çalışacağıq”.

Serbiyanın Novi Sad şəhərində keçiriləcək Avropa çempionatı iyulun 1-də start götürəcək. Yığma komandamız sabah Göygöl toplanışını başa vurduqdan sonra yarışa qədər Bakıda taktiki-texniki məşqlər üzərində çalışacaq. 

Orxan Cəfərzadə