Futbol üzrə Azəbaycan premyerliqasında son tur oynanılır. 36-cı tur qərb derbisi ilə əlamatdar olacaq. Turan Tovuzun qonağı olacaq “Kəpəz” çempionatı yaxşı nəticə ilə bitirmək arzusundadır.
"Kəpəz"in oyunöncəsi son məşqindən əvvəl 75 illik yubileyini qeyd edən veteran futbolçu Vahid Abbasova komandanın forması hədiyyə olunub. Baş məşqçi Adil Şükürov klub tərəfindən futbol veteranlarının diqqətdə saxlandığını bildirərək komandanın inkişafında onların dəyərli məsləhətlərinə ehtiyac olduğunu deyib. 1970-78-ci illərdə "Dinamo" və "Tərəqqi" adı ilə mübarizə aparan komandanın heyətində uğurlu çıxışı ilə seçilən Vahid Abbasov SSRİ idman ustası, əməkdar məşqçi fəxri adlarına layiq görülüb.
Vahid Abbasov- veteran futbolçu: Çox şad oldum ki, məni bir vaxtlar futbol oynadığım stadiona dəvət etdilər. “Kəpəz” rəhbərliyinə təşəkkür edirəm ki, mənim yubileyimi burada təşkil edərək təbrik etdilər. O ki qaldı Tovuzla son oyuna. Mən elə başa düşürəm ki, “Kəpəz” sözünü deyəcək. Orada yaxşı nəticə əldə edib, geri qayıdacaq”.
Həftəboyu məşqlərlə qərb derbisinə hazırlaşan sarı-göylər mövsümün yekununda azarkeşlərini həm uğurlu nəticə, həm də baxımlı oyunla sevindirmək niyyətindədir. Sona 4 tur qalmış Premyer Liqada yerini təmin edən gəncəlilərin baş məşqçisi Adil Şükürovun fikri bu yöndədir. Mütəxəssis Tovuzla oyun haqqında danışarkən qeyd edib ki, qarşıdakı görüş çatışmazlıqları aşkarlarmaq baxımından da son fürsətdir.
Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Təbii ki, bu son oyun çox önəmlidir. Çünki burada söhbət qərb derbisindən gedir. Dergidə uğurlu çıxış edib, çempionatı yaxşı notlarla bitirmək istəyirik. Gələcək çempionatda bizimlə davam edəcək futbolçuları müəyyənləşdirmək istəyirik. Çatışmazlıqlarımızı görmək istəyirik ki, hansı futbolçularımızda, hansı cəhətlər çatmır ki, biz o cəhətlərimizə diqqətimizi yönəldək və futbolçuların inkişafına nail ola bilək”.
“Kəpəz”in futbolçuları isə son turda azarkeşlərə qələbə bəxş etməklə yanaşı, çempionatı turnir cədvəlində 8-ci pillədə başa vurmağı hədəflədiklərini deyiblər.
İqor Rodriges- “Kəpəz”in qapıçısı: “Sonuncu turda bizi qərb derbisi gözləyir. Bu görüşün önəmini anlayırıq. Ona görə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Çünki 8-ci pillədəki mövqeyimizi qorumaq istəyirik ki, çempionatı yaxşı yerdə tamamlayaq. Ev oyunlarımızı Tovuzda keçirdiyimiz üçün ora bizə doğmadır. Bu imkandan istifadə edib derbidə yaxşı nəticə qazanmağı hədəfləyirik. Digər tərəfdən son oyun ona görə vacibdir ki, yeni mövsümdə komandada kimin qalıb, kimin gedəcəyi dəqiqləşəcək. Bu baxımdan qarşılaşmaya fokuslanmışıq”.
Vüsal Məsimov- “Kəpəz”in futbolçusu: “Bizim üçün son oyunun əhəmiyyəti var. Həm 8-ci pillə üçün, həm də qərb derbisidir. Bu derbi hər zaman çox maraqlı, çox gərgin keçir. Bu oyunda çalışacağıq ki, yaxşı nəticə qazanaraq azarkeşlərimizi sevindirək. Yaxşı nəticə qazananda gələn mövsüm üçün həm azarkeşlərdə, həm özümüzdə yaxşı fikir formalaşacaq. Çalışacağıq ki, qələbə qazanıb 8-ci yeri tutub azarkeşlərimizi sevindirək”.
“Turan Tovuz” – “Kəpəz” qarşılaşması sabah keçiriləcək. Oyun saat 17-də start götürəcək.
Orxan Cəfərzadə
- Baxış: 368