• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 16.05.2024 20:08

Kiberdələduzluq faktlarının sayı artır

KepezTV Player

Son dövrlərdə vətəndaşlara qarşı kiberdələduzluq faktlarının sayı artıb. Mobil telefonlara göndərilən mesajlar və ya sosial mediada peyda olan saxta iş elanları kimi hallar vətəndaşların pul vəsaitlərinin oğurlanmasına səbəb olur. Bundan qorunmaq üçün bir neçə qaydaya riayət etmək vacibdir.

Toğrul Qəhrəmanlı- zərərçəkən: “Mənim başıma bu hadisə “İnstagram” vasitəsilə gəlib. “İnstagram” vasitəsilə mənə xarici vətəndaşlar yazıblar. Aramızda xarici dildə dialoq olub. Bunun vasitəsilə mənim “iCloud”um oğurlanıb - ordan müəyyən qədər məxfi məlumatlar və ya bank kartlarımın məlumatları oğurlanıb və bank kartından müəyyən miqdarda vəsait əldə olunub”.

Xarici ölkələrdən gələn mesajlar gecə-gündüz hər birimizi narahat edir. Belə mesajlar cəlbedici olduğu üçün bəzi şəxslər göndərilən bu saxta linklərə daxil olaraq dələduzlarla birbaşa təmasa keçir və nəticədə kibercinayətin qurbanı olurlar. Toğrul Qəhrəmanlı kimi Nihad Qurbanzadə də bu yolla ziyana düşənlərdəndir. 

Nihad Qurbanzadə- zərərçəkən: “Bir müddət qabaq xarici nömrədən mənə bir mesaj gəldi ki, hansıki yazırlar; “salam, necəsiniz?” Daha sonra dedilər ki, filan konkursdan filan məbləğdə pul udmusan, kart məlumatlarını göndər, biz pulu göndərək. Kart məlumatlarımı göndərəndən sonra artıq gördüm ki, mənim kartımdan pul məbləği çıxıldı. Yəni mən banka müraciət etsəm də, artıq gec idi və biz də bu vəziyyətdə qaldıq”.

Kiberdələduzlar daha çox vətəndaşlara tanınmış şirkətlərdən bir neçəsinin rəsmi saytlarına bənzər sayt göndərərək oradan qeydiyyatdan keçmələrini tələb edir. Qeydiyyatdan keçərkən təbii ki, insanlardan şəxsi məlumatları və bank kartları tələb olunur. Beləliklə vətəndaşlar bu kimi kiber dələduzluq faktlarının qurbanına çevrilir.

Jalə Hüseynova- sakin: “Rəfiqələrim və yaxınlarımın başına gəlib. Bank kartlarıyla bağlı smslər gəlib və smslərə daxil olduqda şəxsi məlumatların oğurlanması, pulların mənimsənilməsi kimi hallar baş verib”.

Fidan Surxayzadə- sakin: “Yəni belə sms-lər xarici nömrələrdən gəlir. İlk öncə “salam, necəsən?” kimi mesajlar yazırlar, sonra linklər göndərirlər. “Linkə daxil olun, filan...” Linkə daxil olduqdan sonra isə problemlər baş verir. Fəsadı - bizim telefonumuzdakı şəxsi məlumatlarımıza çata bilərlər və ya bank kartlarının məlumatlarını istəyirlər. Bizim bank kartlarımızdakı məbləğlərə çata bilirlər”.

Aysel Vahidova- sakin: “Xarici nömrələrdən linklər gəlir. Həmin linklərə biz daxil oluruq. Bizdən şəxsi məlumatlarımızı tələb edirlər. Əgər oraya şəxsi məlumatlarımızı yazsaq, təbii ki, bizim kart məlumatlarımız oğurlana bilər. Adicə şəkillərimizi də götürə bilərlər”.

Məleykə Ələkbərova- sakin: “Axır zamanlarda bir dəfə başıma belə bir iş gəlmişdi. Sadəcə, mənə bir nömrə ilə mesaj gəldi - “Azərpoçt” adı ilə ki, “Sizin poçt ünvanınız dəyişilib. Zəhmət olmasa, linkə daxil olun və orda məlumatlarınızı doldurun”. Mən məlumatları doldurduqdan sonra kart nömrəsini istədilər. Bundan sonra başa düşdüm ki, bu, dələduzların işidir. Ondan sonra isə ətrafımdakı hər kəsi məlumatlandırdım ki, başınıza belə bir iş gəlsə aldanmayın, kart nömrənizi, öz informasiyanızı girib, daxil etməyin”.

Sosial Media Menecerlərinin sözlərinə görə, bu kimi fırıldaqçılardan can qurtarmağın yeganə yolu maariflənmək və onlara inanmamaqdır.

Kənan Əliyev- mütəxəssis: “Kibertəhlükəsizlik deyilən bir şey var. Hansı ki, kiberdələduzlar insanların bank kartlarını öyrəndikləri andan etibarən artıq onların kartlarından pul çəkməyə başlayırlar. Hətta onların kartlarından kredit əldə edirlər və insanlara bu cür zərər verə bilirlər. Son zamanlar kibercinayətkarlar çoxalıbdır və buna qarşı biz öz bank kartlarımızı heç kimə verməli deyilik. Məlumatları heç kimlə paylaşmamalıyıq. Öz nömrəmizə sms gəldikdə və ya hər hansısa bir link gəldikdə ona daxil olmamalı və ya bizə banklardan gələn sms-lərdə müəyyən kodlar verilir. Bu kodları biz heç kimlə bölüşməməliyik”.

Bundan başqa dələduzların ən çox istifadə etdikləri yollardan biri elan saytlarının məlumat bazasını ələ keçirməkdir. Bir virus yazmaqla, həmin saytlardakı bütün əlaqə nömrələri götürülür. Bu yolla da insanların mobil telefonlarına saxta reklam xarakterli mesajlar göndərilir.

Eşqin Qasımov- DİN-nin mətbuat xidmətinin əməkdaşı: “Artıq 2024-cü ildə də müvafiq sahədə müraciətlərimiz var və həmin onlayn oğurluq 24 fakt, 4 fakt isə onlayn dələduzluq faktıdır. Baş vermiş hadisələri təhlil etdikdə artıq cinayətlərin daha çox ölkə xaricində başverməsi müəyyən olunur. Artıq vətəndaşa məxsus bank hesabından pul 2-3 xarici ölkənin bank hesabına köçürülür və orda artıq cinayətin izi itirilməyə başlanılır. Ona görə də vətəndaşlar bu sahədə maksimal dərəcədə diqqətli olsalar daha yaxşı olar”.

Belə nəticəyə gəlmək olar ki, insanların aldanmaqlarının başlıca səbəbi fırıldaqçıların yalanlarına inanmaqdır. Dələduzların qurbanına çevrilmək istəməyənlər hər gələn mesaja maraq göstərməməlidirlər.

Pərvin Abbaszadə