Dünya bazarında qızılın qiymətində müşahidə edilən eniş yerli bazarda da özünü büruzə verməyə başlayıb. Qiymətli metalın ucuzlaşmasının bir müddətdir ki, davam edən durğuluğun aradan qalxmasına təsiri proqnozlaşdırılır.
Hazırda Gəncədə yerləşən qızıl mağazalarında ötən ilin son ayları ilə müqayisədə qiymətlər təxminən hər qramına görə 4 dollar ucuzlaşıb. 6-7 manatlıq ucuzlaşmanın Azərbaycana gətirilən qızılın qiymətinin, aşağı düşməsi ilə bağlı olduğu deyilir.
Satıcı: “Son zamanlar qızılın qiyməti enibdir. Bu dəqiqə satışda 80 manat, 78 manat arası satışlardır. Halbuki 85-90 manat arası idi. Əyarına görə isə dəyişir. 55 manata da var”.
Satıcı: “583-qızıl indi satışda təxminən 78-80 manatdır. Əhalidən alışımız 60-65 manatdır. Xaricdən gələn, Türkiyə istehsalı olan malların qiyməti keçən il 78-80 manat idi, bu il 88-90 manatdır. 750 əyarlıq qızıl 100-140 manat arası dəyişir”.
Qiymətin bir qədər aşağı düşməsi gözlənilən effekti vermir. Belə ki, alıcılıq qabiliyyəti zəif olaraq qalır.
Şəhər sakini: “Qramı 70 manatdır, normal qiymətdir, razıyıq. Biz də aldıq- 12 qramını 780 manata”.
Şəhər sakini: “Cürbəcür qiymətlər var, insanın büdcəsinə uyğun baxırıq, maraqlanırıq. Qızılı ucuz verən də var, baha verən də var”.
Qızıl bazarında qiymətlərin dəyişkənliyi dünya bazarı ilə birbaşa bağlıdır. Burada siyasi və iqtisadi proseslərin qiymətə təsiri əsas götürülür. Hazırkı ucuzlaşmanın isə hələ bir müddət davam edəcəyi güman olunur.
Məsim İbadov- iqtisadçı-ekspert: “Ümumiyyətlə qızılın qiyməti, qiymətli metalların qiymətinin qalxması, enməsi siyasi vəziyyətlərdən asılıdır. Sözsüz, son zamanlar xüsusən də mart ayının sonu, aprel ayının əvvəli qızıl maksimal həddə qalxdı. Yəni dəyəri indiyə kimi olan pik həddə qalxdı, yəni o baryeri keçdi. Digər tərəfdən Nyu York birjalarında o enmə ilə bağlı verilən qiymətlər bizim bazarda qızılın 0.5-1%-ə qədər qiymətin ucuzlaşması ilə görülmüşdür. Lakin nəzərə almaq lazımdır ki, bu ucuzlaşma istənilən vaxt müvəqqəti xarakter daşıya bilər”.
Ekspertin sözlərinə görə, dünya bazarında iqtisadi canlanma baş verərsə, o zaman investorların bir qismi qızıldan imtina edib, qiymətli kağızlara və real sektora yönələ bilər. Bu da qızılın qiymətinin enməsini sürətləndirə bilər. Lakin siyasi proseslər bunun əksinin də şahidi olmağımızı şərtləndirmiş olar.
Pərvin Abbaszadə
- Baxış: 3320