Bu gün Xocalıda qarışıq hisslər hökm sürürdü. 32 il əvvəl qarlı-şaxtalı fevral gecəsində itirdiyi əzizlərini doğmaları torpağa tapşırırdı. Özü də bir gözü ilə ağlaya, bir gözü ilə sevinərək.
Xocalının mərkəzində-keçmiş Xalça fabrikinin yaxınlığında aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanıb, şəxsiyyətləri dəqiqləşdirilən 7 nəfərlə vida mərasimi keçirilib. Mərasim Bərdədə məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub. Min bir işgəncələr verilən xocalıların doğmalarının təsəlli tapmaları üçün ziyarət ediləcək məzarları olacaq...
Xocalı sakini: “Mən özüm Xocalıdanam. Onlar elə bil ki, müharibə vaxtı Xocalıya gələnlərdən idi, hansı ki, onlar da orda itkin idilər. Tapılanın biri atamın xalası qızıdır, biri onun yoldaşıdır. Biri yenə atamın qohumudur. Həm qadındır, həm də oğludur, onlarla biz bir nəsilik”.
Xocalı sakini: “O itkinlərin arasında mənim doğmalarım da var. Mənim ailə üzvlərimdən biri olan Abışov Mobil Mövsüm oğlu hələ də onun nəşi tapılmayıb. O, son dəfə fevralın 26-da əsir götürüldü, Milli ordunun əsgəri idi. Şahidlərin dediyinə görə, ermənilər ona çox ağır işgəncələr verirmişlər və çox ağır bir formada onu qətlə yetiriblər”.
Kütləvi məzarlıqda qalıqları aşkarlanan Ağaəli Əliyev, Sürəyya Əliyeva, Xəzər Səlimov, Tamilla Səlimova, Əli Cavadov, İsmayıl İsmayılov və Şiraslan Nəcəfov ağır işgəncələr verilərək qətlə yetiriliblər.
Xocalı faciəsində qətlə yetirilmiş və kimliyi məlum olan 7 şəxsin Xocalıda yeni salınmış qəbiristanlıqda dəfni olub.
Xocalı sakini: “Mənim atamdır, 32 il idi ki Xocalı faciəsində itkin düşmüşdü, çox şükür, çox sevinirik həqiqətən də. Düzdür, atamızdır, onun üçün göz yaşları tökürük, onu son mənzilə yola salırıq. Ən azından bilirik ki, onun artıq ziyarət edə biləcəyimiz bir məzarı olacaq”.
Xocalı sakini: “Şəhid olan qayınımdır, qayınım arvadıdır. Mənim neçə qayınlarım şəhid olub, bacım balaları olub, qaynanam, eltilərim. Gözümüz yoldan hələ çəkilməyəcək. Hələ bizimkilər meşələrdədir”.
Xocalı sakini: “Öldü-qaldısını bilmirdik. Oğlu Nazim 2 gün sonra əsirlikdən gəldi, dedi ki, atamı öldürüdülər. Amma belə çıxır ki, öldürmədilər, işgəncə verdilər - başından mismar çıxardılar. Sümüklərini qırıq-qırıq ediblər. O qədər ağırdır ki, bizim üçün, danışa bilmirəm. Sümükləri olsa da qovuşduq, bu da bizim üçün pis çıxmasın sevindiricidir, nə qədər pis olsa da, biz sevinirik”.
Xocalı soyqırımı qurbanlarının sümüklərinin aşkarlandığı yerdən daha 3 nəfərə aid qalıqlar tapılıb.
Ədalət Həsənov- Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru: “Qazıntı işləri gedir. Ekskumasiya gedir və sümük qalıqları aşkar olunur. Konkret olaraq 1 şəxsə məxsus sümük qalıqları dəqiqdir, var, görünür. Sonra 2-ci şəxsə aid sümük qalıqları qazıntının divarının o biri tərəfində görünür. Qazıntı işi davam edəcək, neçə şəxsə aid sümük qalığı aşkarlanacaq, o, axırda bilinəcək. Bir-bir hamısı müayinə olunur. Həm viziual olaraq gözlə, həm mikroskopla -hansı xəsarətlər var, hansı alət tərəfindən törədilib”.
Hazırda ərazidə qazıntı işləri davam etdirilir. Ümumilikdə, işğaldan azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.
Vüsalə Cənnətova
- Baxış: 149