• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 18.03.2024 11:54

Azərbaycan-NATO tərəfdaşlığı

KepezTV Player

Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Bu sözləri Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib. Dövlət başçısı bildirib ki, Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa edib. 

Ölkənin ərazisi üzərində tam suverenlik bərpa olunub və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik. Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında deyib ki, hazırda Azərbaycan Ermənistanla sülh danışıqlarının fəal mərhələsindədir. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar ediləcək”.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir və qarşıdan gələn illərdə tərəfdaşların sayı artacaq.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. Həmçinin mən cənab Baş katibi bizim yaşıl keçid gündəliyi haqqında məlumatlandırdım. Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun”.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı var. NATO bu addımı dəstəkləyir.

Yens Stoltenberq- NATO-nun Baş katibi: “Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm. Bundan əlavə, həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”.

Yens Stoltenberq həmçinin qeyd edib ki, Azərbaycanda keçiriləcək növbəti COP görüşünü səbirsizliklə gözləyir. Baş katibin sözlərinə görə, iqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də NATO üçün də əhəmiyyətlidir.

Yens Stoltenberq- NATO-nun Baş katibi: “İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız. Siz böyük potensial haqqında mənə məlumat verdiniz və su elektrik stansiyalarının, eləcə də külək və günəş enerjisi stansiyalarının tikintisi, elektrik enerjisinin Avropa bazarlarına çıxarılması planlarını təsvir etdiniz. COP29 çox mühüm tədbir olacaq. Vacibdir ki, hamı iqlim dəyişmələrinə qarşı mübarizə aparsın. O, təhlükəsizliyimiz üçün vacibdir, çünki həmin məsələlər özünü aydın büruzə verir”.

Yens Stoltenberq bildirib ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. "Biz uzun illərdir birlikdə işləyirik. Sizin təhlükəsizlik məsələlərinə verdiyiniz töhfə çox önəmlidir. Qeyd etdiyiniz kimi, Azərbaycan ordusu Əfqanıstanı sonuncu tərk edib. Hava limanını ittifaq qüvvələrinin geri çəkildiyi yerdən qorumaq missiyasını yerinə yetirib və bu, çox vacib bir vəzifə idi”- Baş katib əlavə edib. Bildirib ki, bu qarşılıqlı əməkdaşlığa sadiqliyin bariz nümunəsidir.

Azad Mustafayev