• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 17.03.2024 19:38

Gənclərin xarici dillərə olan marağı

KepezTV Player

Müasir dövrdə ölkəmizin tarix və mədəniyyətinin, təbiətinin, milli və mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi baxımından vətəndaşlarımızın, xüsusilə gənclərimizin xarici dil bilməsi zəruridir. Sevindirici haldır ki, bu gün təkcə yeniyetmə və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də dünyada geniş yayılmış ingilis, fransız, alman, ispan, rus və digər dilləri öyrənməyə can atdıqlarının şahidi oluruq. Bəs bu gün Gəncədə xarici dilləri öyrənməyə olan maraq hansı səviyyədədir?

Xarici dillərin öyrənilməsi hər zaman dünyaya inteqrasiya baxımından vacib addım sayılır. Bu gün isə yaxşı iş yeri tapmaq, səyahət etmək və ya turizm imkanlarının artması səbəbindən xarici dilə tələbat daha da artıb. Müşahidələrimiz onu göstərir ki, gənclər daha çox xarici dillərdən ingilis dilinə üstünlük verirlər.

Humay Salahova- tələbə: “İngilis dilini 10 yaşımdan öyrənirəm və artıq 8 ildir ki, bu dillə məşğul oluram. Mən bu dili çox sevirəm, həmçinin ailəmizdə də bu dil həm də genetikdir, hamı bu dili yaxşı bilir. Dil öyrənmək mənim fikrimcə çox maraqlıdır. Həmçinin bir dili öyrəndikdə özünüzdən asılı olmayaraq o dilin milləti ilə, mədəniyyəti ilə, adət-ənənələriylə də tanış olursunuz və bu, sizin ümumi biliyinizə təsir edir”.

Fidan Sadıqova- tələbə: “Uşaqlıqdan bəri ingilis dilinə marağım var idi. Bu marağın da əsas səbəbi isə uşaqlıqdan mənə dərs deyən müəllimlərin ingilis dilində danışması olmuşdur. Daha sonra özümə məqsəd qoydum ki, mən də ingilis dilini öyrənim, digər müəllimlər kimi danışa biləcəm. Universitetə hazırlaşarkən də sırf bu yöndə istiqamətləndim və ingilis dilinə qəbul oldum. 2-ci xarici dil olaraq rus dilini öyrənirəm. Səbəbi də xarici dilin öyrənilməsi qarşıma çıxan perspektivlərin daha da genişlənməsidir”.

Südabə Bağırzadə- tələbə: “Nəinki ingilis dili, bütün xarici dillər bizim gələcəyimizə imkanlar verir. İstənilən xarici dili öyrənərək, biz xaricdə insanlarla rahat ünsiyyət saxlaya bilərik. Həmçinin bizim şəxsi inkişafımızda da müəyyən qədər rol oynayır. Xarici dil öyrənmək bizi hərtərəfli inkişaf etdirir. Nəinki ingilis dili, istəyirəm ki, gələcəkdə alman dili və ya fransız dillərini öyrənəm”.

Günümüzdə xarici dilləri bilmək həm karyera perspektivləri, həm də fərdi inkişaf baxımından çox əhəmiyyətli bir üstünlükdür. Əmək bazarının mövcud tələblərini nəzərə alanda bir xarici dil bilmək normal bir qanunauyğunluq sayılır. Yalnız ikinci və üçüncü xarici dili bilmək üstünlük hesab oluna bilər. Buna görə də artıq gənclər ən populyar dil olan ingilis dilindən başqa alman, fransız, rus və Çin dilləriylə də maraqlanırlar.

Səma Qasımova- tələbə: “Mənim alman dilinə yönəlməyimin səbəbi yaşadığım mühit olub. Mən Şəmkir rayonunda yaşayıram və bu rayon almanların tarixi məkanı olub və daha çox onların mədəniyyəti ilə böyümüşəm. Qarşıma məqsəd qoymuşam ki, fransız dili və koreya dili öyrənmək istəyirəm”.

Selcan Xələfova- tələbə: “Fikirləşirdim ki, ingilis dilindən başqa da bir dil öyrənim. Bu da alman dili oldu. Həm Almaniyaya olan marağıma görə, həm də orda təhsil alan dostlarım, tanışlarım olub. Təbii ki, hər bir dili öyrənmək bizə yeni mədəniyyətlər tanımağa, öyrənməyə də yol açır. Həm də mən düşünürəm ki, alman dilinə gələcəkdə daha çox ehtiyac var, yollar açıqdır. Buna görə bu dili seçmişəm”.

Fatimə Hüseynova- tələbə: “Rus dilinə xüsusi marağım olmuşdur. Mənim valideynlərim bu marağı görüb, daha da inkişaf etdirmək istədilər. Dünyada birinci öndə gedən dil ingilis dilidir. İkinci dil rus dili gedir. Ən çox ikinci dil kimi ingilis dilini inkişaf etdirmək istəyərdim, rus dilindən əlavə olaraq”.

Tünzalə Sultanova- tələbə: “Uşaq vaxtından çox xoşlayırdım rus dilini və uşaqlıqdan bu dilə hazırlaşırdım. Çalışdım, rus dilinə qəbul olundum. Həmişə özümü inkişaf etdirməyi sevirəm. Gələcəkdə də rus dilindən əlavə başqa dillərdə, fransız dili, ingilis dili, alman dili bunları da öyrənmək istəyirəm”.

Qlobal götürsək, Çin, yapon, ərəb dili kimi çətin öyrənilən dillərə də diqqət yetirənlər var. Xarici dil müəllimlərinin sözlərinə görə 10-15 il sonra bu kimi dillərin beynəlxalq ünsiyyət və biznes dili olmaq ehtimalı olduqca yüksəkdir.

Elnarə Abdullayeva- ingilis dili müəllimi: “İndiki gənclərin xarici dilə marağı daha çoxdur. Çünki bildiyiniz kimi xarici dil bilmək onlara böyük perspektivlər yaradır. Gələcəkdə iş tapmaq üçün xarici dil bilənlərə daha çox üstünlüklər verirlər. Təhsillərini xaricdə davam etdirməkləri üçün, doktorantura təhsili almaq üçün mütləq xarici dildən də imtahan verirlər. Xaricə gedib işləmək istəyənlər üçün və ya təhsilini xaricdə davam etdirmək üçün. Ona görə xarici dillərə maraq daha çoxdur. Artıq daha çox artır”.

Kəmalə Həsənova- rus dili müəllimi: “İndiki dövrdə xarici dillərə maraq daha çoxdur, nəinki əvvəlki illərdə. Çünki xaricdə təhsildir, artıq ölkələrə getmək-gəlmək rahatlaşıbdır. Valideynlər də istəyir ki, uşaqları xaricdə də oxusunlar, xaricdə təhsil alsınlar və hal-hazırda xarici dili bilmək müsbət bir cəhətdir. Çünki bilirik ki, internet resurslarıdır, kitablardır, bunların hamısı Azərbaycan dilində ola bilmir. Xarici dili bilən tələbə, şagird o vasitələrdən istifadə edib, daha dolğun, daha gözəl mütəxəssis yetişə bilər”.

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, onu inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq gələcəyimiz olan gənclərin fəaliyyəti nəticəsində mümkündür.

Pərvin Abbaszadə