Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb. Bu barədə Baş Prokurorluq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 4 nəfəri azyaşlı olmaqla, ən azı 18 nəfər şəxsə məxsus olması, şəxslərin müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. Aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. onların adları açıqlanıb. Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
- Baxış: 144