• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 15.03.2024 19:44

XİN başçılarının üçtərəfli görüşü

KepezTV Player

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər Nazirləri rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, regional sülh və sabitliyin təmin olunması üçün beynəxalq hüququn norma və prinsiplərinə tam riayət olunmalıdır.

Azərbaycan sülhün təmin edilməsi istiqamətində sistemli, ardıcıl addımlar atır. Beynəlxalq ictimaiyyət Ermənistanı revanşint ideyalardan yayındırmaq, danışırlara sövq etmək üçün müsbət addımlar atmalıdır. Xarici İşlər Naziri Ceyhun Bayramovun sözlərinə görə, ölkəmiz ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla sülhün əldə olunması üçün lazımi işləri həyata keçirir.

Ceyhun Bayramov- Xarici İşlər Naziri: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra hesab edirik ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində tarixi şans yaranıb və Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır. Bizim baxışımız ondan ibarətdir ki, regional sülh və sabitliyin təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə tam riayət olunmalıdır. Azərbaycanın bu istiqamətdə qeyd etdiyim kimi addımları sistemlidir, ardıcıldır və davamlıdır”.

Nazir həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə də toxunub. Qeyd edib ki, Xəzər və Qara dəniz kimi geniş coğrafiyada Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadi üçbucağının formalaşması artıq bir reallıqdır. Ölkəmiz hazırda həm Türkiyə, həm də Gürcüstanda əsas aparıcı xarici investorlar sırasındadır. Eyni zamanda bərpaolunan enerji sahəsində yaxşı imkanlar mövcuddur.

Ceyhun Bayramov- Xarici İşlər Naziri: “Bununla yanaşı rəqəmsal İpək yolu layihəsi Avropa və Asiya arasında rəqəmsal dəhlizin formalaşdırılması bir tərkib hissəsi olaraq bu layihənin də çox böyük perspektivlərini görürük və bununla bağlı olaraq fiber optic kabel çəkilişi layihəsinin tezləşdirilməsi barədə fikir mübadiləsi aparıldı”.

Mətbuat konfransında çıxış edən Türkiyənin Xarici işlər naziri Hakan Fidan Zəngəzur dəhlizinin açılmasına dəstək gözlədiklərini bildirib. Onun sözlərinə görə, Qarabağ zəfəri yeni reallıqlar yaradıb.

Hakan Fidan- Türkiyənin Xarici işlər naziri: “Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin təmin edilməsi region üçün, eləcə də qlobal təhlükəsizlik və əlaqələrin möhkəmliyi üçün prioritetdir. Biz hesab edirik ki, 2020-ci ilin noyabrından - Qarabağ müharibəsi başa çatdıqdan sonra bu məqsədə çatmaq üçün tarixi imkan yaranıb və biz regionun digər ölkələrini qələbəni başa düşərək konstruktiv yanaşma göstərməyə və Zəngəzur xətti kimi regional və qlobal əlaqə layihələrinə dəstək verəcəklərini gözləyirik”.

 

 

Regionda davamlı sülhün əldə olunmasından danışan Gürcüstanın Xarici işlər naziri İlya Darçiaşvili vurğulayıb ki, ölkəsi Cənubi Qafqazda sülhlə bağlı irəliləyişə nail olunmasında maraqlıdır. Darçiaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh sazişini imzalayacağına ümid etdiyini bildirib. Gürcü nazir həmçinin birgə nəqliyyat və enerji layihələrinin əhəmiyyətinə də toxunub.

İlya Darçiaşvili- Gürcüstanın Xarici işlər naziri: “Bu gün biz ümumi nəqliyyat və enerji layihələri barədə müzakirələr apardıq. Bu layihələr regionumuzun əhəmiyyətini artırır, Avropanın enerji təhlükəsizliyini təmin edir. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi layihələri uğurla fəaliyyət göstərir”.

Azərbaycan, Gürcüstan və Türkiyə Xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub.

Azad Mustafayev