• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 10.03.2024 21:17

Xarici ölkələrdə iş vədinə aldananlar

KepezTV Player

Son zamanlarda sosial şəbəkələrdə xeyli sayda xarici ölkələrdə olan iş elanlarına rast gəlmək olur. Bu elan sahiblərinin bəziləri həqiqətən işçi axtarır, bəziləri isə yalan elanlar yerləşdirərək insanları aldadır, necə deyərlər, dələduzluqla məşğul olurlar. Belələrinin qarmağına düşüb, ziyana düşənlər də var, təəssüf ki.

“Bizdə belədir də, biz əsasən Almaniyaya göndəririk, xüsusən də Berlin və ətraf ərazilərə. Bizdə vizanın alınması, burdan göndərişdir, ordan qarşılanmadır, evlə təmin olunmadır. Bunlar hamısı daxil, təxminən 6 min manat pul tutur. Güvənmək deyəndə, biz bu sahədə yeni deyilik, bizim göndərdiyimiz çox adamlar var, araşdırıb, baxa bilərsiniz ki, göndərdiyimiz adamlar orda işləyirlər”.

Bu kimi işədüzəltmə vədi verənlər çoxdur. Di gəl ki, onların hamısı reallıqda öz əksini tapırmı, söyləmək çətindir. Çünki mətbuatdan izlədiklərimiz, gündəlik həyatda eşitdiklərimiz əminlik yaratmır. Xaricdə işə düzəltmək adı altında edilən dələduzluqların qurbanına çevrilənlərin sayı isə heç az deyil. Seymur Bağırov da düzgün vermədiyi qərarın acısını yaşayanlardandır. Onun da xarici ölkələrdən birində işə düzəlmək həvəsi maddi ziyanla nəticələnib.

Seymur Bağırov- zərərçəkən: “Qeyd olunmuşdu ki, müəyyən bir miqdar pul qarşılığında biz xarici dövlətlərin birində işlə təmin olunacağıq və orada həm təhsil və müəyyən qalmaq şərtləri təqdim olunmuşdu. Bir ay keçdi, yenə əlaqə saxladım, bir ay keçdi, dedi yenə alınmadı, iki ay keçdi, dedi yenə alınmadı, axırda mənə bildirdi ki, sizə viza təqdim olunmur. Mən də viza təqdim olunmadığı təqdirdə verdiyim müəyyən miqdarda pulu geri istədim. Amma qarşı tərəf mənə o pulun geri qaytarılmayacağını dedi. Bəli rəsmi müqavlə yox idi deyə, artıq bu, aldadıldığımın sübutu oldu”.

Sonrakı peşmançılığın fayda vermədiyini anlayanlar belə vəziyyətlə üzləşdikdə nə etməlidirlər? Məsələnin hüquqi formada həllinin tapılması üçün şikayətçilər dəfələrlə aidiyyati qurumlara müraciət ünvanlasa da, rəsmi müqavilə ilə olmayan bu proseslə bağlı heç bir nəticə hasil edə bilməyiblər. Daha doğrusu fırıldaqçıların bir çoxu bu prosesi elə özləri də xarici ölkələrdən idarə etdiyi üçün problemin həlli qəlizləşir. 

Pərviz Tahirsoy- vəkil: “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə əməkhaqqı ödənilməklə işləməsi ilə bağlı 10-cu fəslində qeyd edilir ki, sırf bununla bağlı vasitəçilik etmiş şəxslər olmalıdır. Bunlar hüquqi şəxslərdir və dövlət qeydiyyatından keçirlər. Aldanan şəxs nə etməlidir? Təbii ki, hüquq mühafizə orqanlarına müraciət etməlidir. Əgər şəxsin əməlində dələduzluq, yəni mənimsəmə varsa o, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb edilir. Bu təklifi həyata keçirən şəxslərlə danışıqlar aparan zaman onlardan birinci hüquqi şəxs olub-olmamasını aydınlaşdırmalıdırlar. Yəni dövlət qeydiyyatından keçmiş şəxs kimi”.

İnsanların etimadından sui-istifadə edərək dələduzluq edənlər əsasən sosial şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməklə cəlbedicilik yaradırlar. Hətta bəziləri ofis açaraq, reallığı əks etdirməyən müqavilələr də imzalatdırırlar. İş üçün göndərilən ölkələr sırasında isə Almaniya, Çexiya, Polşa, Norveç və Estoniya üstünlük təşkil edir. Pulu asan şəkildə qazanmaq cəlbedici göründüyündən, buna aldanmaq da bir o qədər çətin olmur. Odur ki, hüquq mühafizə orqanları fırıldaqçıların yalanlarına inanmamağı məsləhət görür. Belə əməllərin zərərini çəkənlərin isə "102" Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət etmələri məsləhət görülür. 

Pərvin Abbaszadə