Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, eləcə də digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb. Nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb.
- Baxış: 119