60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə xarici işlər naziri Hakan Fidanın görüşü olub. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Dövlət başçısının qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin xüsusi koordinatoru Amos Hoxşteyn ilə görüşündə isə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Prezident İlham Əliyev ilə İsrail Prezidenti İsxak Hersoqun görüşü zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub.
Azərbaycan Prezidenti qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə də görüşüb. Prezident ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Dövlət başçısı Qarabağ münaqişəsi artıq həll olunduğunu,Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını da diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə görüşündə Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyi, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyi vurğulanıb.
Prezident İlham Əliyev ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın da görüşü olub. Ölkəmizdə COP29-un keçirilməsinin öz növbəsində daha geniş miqyasda iqtisadi layihələrin reallaşdırılması potensialının gücləndirilməsi işinə xidmət etdiyi qeyd olunub.
Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub. Azərbaycan ilə şirkəti arasında kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
- Baxış: 102