• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 07.02.2024 08:48

Bu gün Azərbaycanda tarixi gündür

KepezTV Player

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür. Saat 8-dən ölkə üzrə səsverməyə start verilib. 125 seçki dairəsi üzrə siyahıya alınan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək. İlk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır. Səsvermə saat 8-dən axşam saat 7-ə kimi davam edəcək. Seçkiləri izləmək üçün ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 50 mindən çoxu 19 siyasi partiyanın nümayəndələridir. 790 nəfər isə beynəlxalq müşahidəçidir. 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi isə prosesi işıqlandırmaq üçün Azərbaycandadırlar. Bu gün 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək. Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək. Bu məqsədlə 26 seçki məntəqəsi fəaliyyət göstərir. 37 ölkədə isə 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 minə yaxın seçici siyahıya alınıb. Səsvermənin gedişi ilə bağlı bu gün ərzində 5 dəfə - saat 10, 12, 15, 17 və 19-da ictimaiyyətə məlumat veriləcək. Fevralın 9-da isə bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək və ilkin nəticələr məlum olacaq. Bir sözlə bu gün Azərbaycanda tarixi gündür. İlk dəfə Azərbaycan seçiciləri suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək.

Bu gün keçirilən növbədənkənar Prezident seçkilərində namizədlərin sayı isə 7-dir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş, Milli Məclisin deputatı Zahid Oruc, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi, Milli Məclisin deputatı Fazil Mustafa, Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən, işsiz Fuad Əliyev, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyanın sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi, Milli Məclisin deputatı Razi Nurullayevdir.