• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 03.02.2024 16:17

Seçkiyə hazırlıq yekunlaşmaq üzrədir

KepezTV Player

101 saylı Samux – Şəmkir seçki dairəsinin 54553 seçicisindən  1297 nəfəri 10 saylı Sərkar kənd seçki məntəqəsində səs verəcək. Bu məntəqədə 14 nəfər ilk dəfə, 12 nəfər isə 80-100 yaş arası səsvermə hüququndan istifadə edəcək. Bu günədək 11 müşahidəçi qeydiyyatan keçib. 10 saylı seçki məntəqəsində veb-kameralar yoxlanılıb və səsvermə məkanında bütün işlər yekunlaşıb.

Aynur Məmmədova- 101 saylı DSK-nın 10 saylı MnSK-nın sədri: “Məntəqə üzrə seçkiyə tam hazır vəziyyətdəyik. Bütün ləvazimatlarla təmin olunmuşuq. Generatorumuz hazır vəziyyətdədir, daşınan və daşınmayan qutularımız hazırdır. İndiyə kimi səhhətində problem olan 4 nəfər ərizə ilə bizə müraciət edib, həmin seçicilərin evlərinə daşınan qutu gedəcək. Seçicilərimizin hər birinə bildirşlər artıq paylanıb. Bülletenlər dairə seçki komissiyasından götürülüb. Qeydiyyatdan çıxma ilə bağlı vəsiqələrin verilməsi davam edir. Müşahidəçilərin qutuları müşahidə etməsi üçün tam şərait yaradılıb və seçki məntəqəmiz tam olaraq seçki gününə hazır vəziyyətdədir”.

12 saylı Ziyadlı kənd seçki məntəqəsində də seçkiyə hazırlıq demək olar ki, başa çatıb. Burada isə 942 nəfər arzuladığı namizədə səsini verəcək. Səsvermə hüququndan ilk dəfə 12 nəfərin yararlanacağı məntəqədə 10 seçici 80-100 yaş arasındadır. Onlardan isə 5-nə daşınan qutu göndəriləcək.

Etibar Alıyeva- 101 saylı DSK-nın 12 saylı MnSK-nın sədri: “Məntəqə üzvləri ilə birlikdə məntəqədə seçkiqabağı tədbirlər tam qaydasındadır, məcəlləyə uyğundur. Məcəlləyə uyğun hərəkət edirik. Tam gücümüzlə növbədənkənar seçkilərin ləyaqətlə, şərəflə yerinə yetirməyə çalışacağıq. İlk dəfə olaraq bütöv Azərbaycanın seçkilərində iştirak edirik, bunun üçün fəxr edirik”.

Seçki dairəsində 2 nəfər 100 yaşdan yuxarı seçici var. 100 yaşlı Zinyət Səfərova Samux rayonu, Kolayır kəndinin, 101 yaşlı Sara Məhərrəmova isə Şəmkir rayonu, Kür qəsəbəsinin sakinidir.

Bayram Qasımov- 101 saylı DSK-nın sədri: “Bizim dairənin tərkibinə daxil olan məntəqələr artırılıb. Yenidən dairələrin təşkil olunması zamanı hüdudların dəyişdirilməsi ilə əlaqədar olaraq dairəmizin tərkibinə Şəmkir rayonunun ərazisində yerləşən 24 məntəqə verilib. Eyni zamanda bizdə olan 14 məntəqə Gəncə 41 saylı dairə seçi komissiyasının tərkibinə verilib. Ona görə bizim dairənin tərkibində hazırda 56 seçki məntəqəsi fəaliyyət göstərir”.

Ümumilikdə 101 saylı Samux – Şəmkir seçki dairəsində 3544 seçici ilk dəfə səs verəcək. 887 nəfər isə 80-100 yaş arası olan seçicilərdir. Seçkilərdə müşahidəçi kimi iştirak etmək istəyən 743 nəfər qeydiyyata alınıb. Dairə üzrə 9 məntəqədə veb-kameralar quraşdırılıb, 13 məntəqədə əlil şəxslər üçün pandus yaradılıb.

Orxan Cəfərzadə