• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1938
— 27.01.2024 20:26

Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür

KepezTV Player

Ötən ilin bu günü Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum oldu. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu rahatlıqla keçərək içəri daxil oldu və atəş açmağa başladı... Hadisə nəticəsində təhlükəsizlik rəisi Orxan Əsgərov öz vəzifə borcunu yerinə yetirərkən qətlə yetirildi. Şəhid Orxan Əsgərov 2021-ci ildən Tehran səfirliyində hərbi diplomatik xidmətə başlayıb. Baş leytenant bundan öncə də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində vətənə xidmət edib. Atası Ramiz Əsgərov Orxanın mütəmadi olaraq ailəsiylə əlaqə saxladığını deyir. 

Ramiz Əsgərov- şəhidin atası: “Ondan bir gün qabaq biz onunla telefonda danışırdıq. Biz onunla mütəmadi telefonla danışırdıq. Ən son danışığımız ayın 26-sı axşam oldu. Çətin olduğunu bilirdik. Həmişə də soruşurduq ki, İranda vəziyyət necədir? Bilirdik ki, orda iğtişaşlar var idi, biz narahat idik. Həmişə də bizə təskinlik verirdi ki, bizim səfirliyin yanında elə bir problem yoxdur, rahatçılıqdır, sakitlikdir”.

Ramiz Əsgərov səfirliyə hücumu iş yerində olarkən təsadüfən sosial şəbəkələrdən öyrəndiyini deyir. Hadisədən xəbər tutan kimi ata, Gəncədən Bakıya yollanıb. 

Ramiz Əsgərov- şəhidin atası: “Heç bizim xəbərimiz də yox idi. Mən iş yerində idim. İş yerində təsadüfən internetdən xəbər tutdum ki, İran səfirliyinə hücum olub, ölənlər var. Sonra təcili gəldik Bakıya, məlum oldu ki, həqiqətən də Orxan orda öz xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Axırıncı dəfə Azərbaycana 2022-ci ilin avqustunda məzuniyyətə gəlmişdi, elə son görüşümüz onda oldu. Sonra 2023-cü ilin yay ayında - planlaşdırmışdı ki, təxminən iyun ayında gələcəkdi. Çünki qızı orta məktəbi bitirib, ali məktəbə qəbulu ilə əlaqədar gəlməliydi”.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən Orxan Əsgərov “Vətən uğrunda” medalına layiq görülüb. İkinci şəhidlər xiyabanında dəfn edilən şəhid baş leytenantın xatirəsini il dönümündə xidməti yoldaşları, Xarici işlər naziri Ceyhun Bayramov yad edib, məzarının önünə gül dəstələri düzüb.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Bir il bundan öncə baş verən terror bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi. Bu akt ən kəskin şəkildə pislənmişdi, beynəlxalq təşkilatlar da mövqeyini ifadə etmişdi”.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisədən dərhal sonra yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. İran rəsmiləri hadisə ilə bağlı bəyanatlarında hücumun siyasi motivli olduğuna dair əlamətin olmadığını qeyd edərək, onun məişət zəminində baş verdiyini iddia ediblər. Bütün dəlillər və faktlar olmasına baxmayaraq, Yasin Hüseynzadə barəsində hələ də hökm çıxarılmayıb. Rəsmi Bakı İrandakı səfirliyin fəaliyyətini hələ də bərpa etməyib.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqama diqqət yetirəcəyik. Birincisi, terror aktı ilə bağlı istintaqın başa çatması və qərar qəbul edilməsidir. İkincisi, səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təmin verilməsi və bizim buna arxayın olmağımızdır”.

Terror hadisəsindən sonra Azərbaycan-İran münasibətlərində müəyyən gərginlik yaranıb. Buna baxmayaraq həm XİN, həm də müxtəlif dövlət qurumları vasitəsilə iki ölkə arasında rabitə kanalları açıq qalıb. 

Vüsalə Cənnətova