Yeni ildə bayramı Gəncədə keçirmək istəyənlər hotellərdə yer tapmaqda çətinlik çəkiblər. Belə ki, şəhərdəki bəzi hotellərdə olan nömrələrin hamısı bayram günlərində bronlaşdırılıb. Qonaqlar sırasında yer alan yerli və xarici turistlərə xüsusi paketlər təklif edilib. Xidmətə qiymətlərdə endirim, qonaqlar üçün müxtəlif hədiyyələr və Yeni il şənlikləri daxil olub.
Emin Məmmədov- hotel əməkdaşı: “Bizim hoteldə bayram günləri demək olar ki, doluluq 90-95% arasında dəyişdi. Bizdə qonaqların böyük əksəriyyətini yerli turistlər təşkil edirdi. Demək olar ki, xarici turistlər 3-5% arası olardı. Ümumi götürəndə tətil günləri yüksək keçdi. Hotel yüksək nəticələrlə fəaliyyət göstərdi”.
Elmar Bağırov- hotel əməkdaşı: “Bu il Yeni il ərəfəsində doluluq yüksəlmişdi. Təxmini 84% təşkil edirdi. Bunlardan 100%-i götürsək, 86%-i yerli turistlər idi. Digər 16%-i əcnəbi qonaqlar idi. Yəni buraya Türkiyə, Rusiya, Çindən belə qonaqlarımız gəlmişdi. Müxtəlif endirim kampaniyası etmişdik. Əlavə olaraq da Yeni il ərəfəsində hoteldə qalanlar, böyüklər və uşaqlar üçün ödənişsiz şəkildə hədiyyələr vermişdik”.
Nəzrin Qasımova- hotel əməkdaşı: “Bayram günlərində əsasən yəni 31-i günü 70% oldu. Lakin qeyri-iş günlərində 100% oldu, çünki insanlar daha çox ailələrini və ya qohumlarını ziyarət etmək üçün gəlirlər. Amma sırf bayram günü daha çox xarici turistlər çoxluq təşkil edirdi. Bayram günlərində xüsusi olaraq, əsasən qonaqlarımıza xüsusi bayrama özəl endirimlər olmuşdu, hansı ki, qonaqlar bundan qeyri-iş günlərində də faydalanmışdılar”.
Görünən odur ki, hotellərə müraciətlər sırasında yerli turistlər üstünlük təşkil edib. Lakin hostellərdə bu, nisbət xaricilərin xeyrinə dəyişir. Bu da qiymətlə bağlı məqamla əlaqədardır.
Sərdarağa Həsənov- hostel əməkdaşı: “Bayram günlərində digər günlərə nisbətən sıxlıq təşkil olunurdu. Hardasa, təxminən 60-70%. Turistlərimiz də adətən xarici turistlər idi. Bəli bayram günlərində müştəriləri cəlb etmək üçün bizim də müəyyən endirimlərimiz oldu”.
Orxan Ağayev- hostel əməkdaşı: “Otaqlara görə sıxlıq 80% doluluq var idi. Qonaqlama sayına görə isə 50-60% doluluq var idi. Qonaqlar demək olar ki, xarici qonaqlarımız da var idi, yerli qonaqlarımız da var idi. Danimarkadan, Türkiyədən var idi, Pakistandan var idi, hətta Hindistandan gələn də var idi. Bayram olduğuna görə, yəni 31 dekabr günü endirimlər oldu. Endirimimiz bundan ibarət idi ki, hər gələn qonağa qiymətdə 20% özəl endirim təşkil etdik”.
Gəncə Regional Turizm İdarəsinindən verilən məlumata görə, bayram günlərində qərb bölgəsində ən çox turist cəlb edən məkan Gəncə olub.
Zaur Bayramov- Gəncə Regional Turizm İdarəsinin rəisi: “Gəncədə müəyyən hotellər, xüsusilə o hotellər ki, hansısa kampaniyalar, xüsusi zərflər hazırlanıb, müştərilərə təqdim olunub, o hotellərdə doluluq sayı kifayət qədər yaxşı göstəricilər verib. Ümumilikdə keçən il və bundan öncəki illərə baxdıqda, xüsusilə pandemiya dönəmindən sonrakı illərə nisbəttə artıq bu il ümumi ziyarətçilərin sayının artan istiqamətdə inkişaf etdiyini görürük. Gələn qonaqlardan əksəriyyəti yerli, daxili turizmə əsaslanan qonaqlar olub. Yerli dedikdə, yəni Azərbaycandaxili səfər edən ziyarətçilərimizdir. Bəzi hotellər təqribi 18,20% doluluğun nisbətini xarici qonaqlar təşkil etdiyini bildiriblər”.
Yeni ildə qonaqların istirahətinin mənalı və yaddaqalan keçməsi üçün demək olar ki, bütün hotellərdə musiqiçilərin iştirakı ilə konsert və əyləncəli şou proqramlar təşkil olunub. Bundan əlavə, bəzi hotellər tərəfindən şəhərdaxili və digər bölgələrə turistlər üçün ekskursiyalar da təşkil olunub.
Pərvin Abbaszadə
- Baxış: 83