Qızılca əleyhinə vaksin şəhərin Kəpəz Ailə Sağlamlıq Mərkəzində vurulur. Peyvəndləmə prosesi insanlarda qızılcaya qarşı immunitet yaratmaq məqsədi daşıyır. Belə olan halda insan qızılcaya ya yoluxmur, ya da xəstəliyi yüngül formada keçirir. İlkin olaraq peyvənd xüsusi risk qrupuna aid olanlar və könüllü olaraq müraciət edənlərə vurulur. Peyvənd otağı şok əleyhinə dərman ləvazimatları ilə də təmin edilib.
Leyla İsmayılova- tibb bacısı: “İndiyə kimi qızılca keçirməmişəm. Vakisnasiya da olmamışam. Hazırda vaksinasiya oldum. Hər kəsə tövsiyə edirəm ki, gəlib vaksinasiya olsunlar”.
Mətanət Hüseynova- tibb işçisi: “Mən özüm indiyə kimi qızılca xəstəliyini keçirməmişəm. Qızılca əleyhinə vaksini vurdurdum. Tövsiyə edirəm ki, hamı vurdursun”.
Ayşən Hüseynli- sakin: “Mənim 35 yaşım var. İndiyə kimi heç bir vaksini almamışam. Heç bir xəstəlik keçirməmişəm. Bu gün gəldim qızılcaya qarşı peyvənd olam. Hər kəsi peyvəndləməyə dəvət edirəm. Çünki sağlamlığımız üçün bu vacibdir”.
Elnurə Cənnətova- sakin: “24 yaşım var, indiyə kimi də qızılca əleyhinə peyvənd olmamışam. Eşitdim ki, qızılca hədsiz yayılıb. Bunun üçün gəldim, peyvənd olundum. Hər kəsə tövsiyə edirəm ki, vaksinasiya olunsun, sağlamlıqlarını qorusunlar”.
Hazırda Gəncədə 103 nəfər qızılca xəstəliyinə yoluxub. Bunlardan da 61 nəfəri 18 yaşdan yuxarı olan şəxslərdir.
Arzu Məmmədova- Kəpəz ASM-in şöbə müdiri: “Tibb işçiləri tərəfindən əraziyə gedişlər zamanı əhali maarifləndirilir. Bildirilir ki, belə bir vaksinasiya bizim ASM-də olunur. Odur ki, biz hər bir şəxsi eşitməyənləri də dəvət edirik ki, gəlsinlər vaksinasiya olunsunlar”.
Almaz Tomuyeva- Gəncə şəhər GEM-in şöbə müdiri: “Qızılca xəstəliyi ağır xəstəlikdir. Bunu əgər hamilə qadın keçirərsə, onun bətnindəki körpəyə də zərər vurur. O cümlədən, pnevmaniya ilə ağırlaşma verir. Biz də bu xəstəliyin qarşısını almaq üçün uşaqlarda, o cümlədən 40 yaşa kimi əhali arasında peyvənd işinin aparılmasına başladıq”.
Yeni gətirilən peyvəndlər Hindistan istehsalıdır. Gəncəyə 85 doza vaksin gətirilib və bu da 850 nəfərin vaksinasiya üçün nəzərdə tutulub. Bununla paralel Gəncədə 11 yaşına kimi uşaqların da qızılcaya qarşı peyvəndləməsi davam etdirilir. 2300-ə yaxın peyvənddən kənar qalan azyaşlı vaksinasiyaya cəlb edilib.
Elnur Vahidoğlu
- Baxış: 191