• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1959
— 27.12.2023 20:00

5 küçənin kanalizasiya problemi

KepezTV Player

Bahar Zeynallı- şagird: “Qarabağ küçəsi 63 b ünvanında yaşayırıq. Burada yollar bərbad vəziyyətdədir. Kanalizasiya yola daşır. Gedib-gəldikcə ayağımız palçıq olur. Paltarlarımız bərbad vəziyyətdədir. İstəyərəm yolumuz asfalt olsun. Kanalizasiya düzəlsin. Onda küçə həm də daha yaxşı görsənər”.

Kanalizasiya sistemi çəkilsə də ümumi şəbəkəyə qoşulmayan küçələrdən biri Qarabağ küçəsidir. Artıq bir neçə ildir ki, yaşanan bu hal böyüklü-kiçikli hər kəsi yorub. Küçə ilə nə piyada, nə də avtomobillə gedib-gəlmək olur. Su-kanalizasiya xətləri çəkilərkən qazılıb yaman günə qoyulan küçəyə kanalizasiya sularının axması sakinləri təngə gətirib. 

Vüqar Rüstəmov- sakin: “Qarabağ küçəsi, ev 69-da yaşayıram. 5 il bundan qabaq burada kanalizasiya, su çəkilişi etmək məqsədilə gəldilər. Bir balaca asfalt var idi, onu da dağıtdılar. Suyu çəkdilər, kanalizasiyanı çəkmədilər, yarımçıq qaldı. Artıq dərəcədə xahiş edirəm, bu kanalizasiya sistemi tam başa çatsın. Kanalizasiya dolub daşır, heç nə də eləmək olmur”.

Fərmayıl Zeynalov- sakin: “Suyumuzu veriblər, kanalizasiyanı verməyiblər. Quyulardan istifadə edirik. Maddi cəhətdən elə də imkanımız yoxdur ki, pul verib, quyuları çəkdirək. Xahiş edirik, kanalizasiyamızı, asfaltımızı çəkəsiniz. Küçə bərbad haldadır. Camaat çox əziyyət çəkir. Qarabağın adını daşıyan bir küçə bərbad vəziyyətdədir. Xahiş edirik artıq dərəcədə, Qarabağımızı şenləndirək”.

Daha çox Qərbi Azərbaycanlıların yaşadığı Səmədağa Kəsəmənli küçəsində də mənzərə eynidir. Sakinlər kələ-kötür, palçıqlı küçə ilə hərəkət etmək məcburiyyətindədirlər. 

Əlifxan Kəsəmənli- sakin: “Qərbi Azərbaycandan gəlmişik. Babamın adını bu küçəyə veriblər. Təxminən 5 il olar, buradan qazdılar və bir quyunu burda, o biri quyunu da yuxarıda qoydular, çıxdılar getdilər. Dəfələrlə hara müraciət etdik, aldatdılar. Xahiş edirik, gəlsinlər bura nəzarət eləsinlər, baxsınlar, kanalizasiya çəksinlər, asfalt töksünlər”.

Ələmdar Məmmədov- sakin: “Axşama kimi televizor deyir ki, uşaqlarınızı xəstəlikdən qoruyun. Qızılca yayılıb gedir, keçici xəstəlikdir. Keçici xəstəlik Səmədağa Kəsəmənli küçəsindədir. Kanalizasiya ora daşıb, üfunət buraları götürüb, yiyəsi, sahibi yoxdur. Gündə uşaq anasının qucağında ağlaya-ağlaya buradan keçir. Gəlsinlər baxsınlar”.

Mamed Qurbanov- sakin: “Yollarımız pis gündədir. Maşınımız dağılır, hər dəqiqə təmir edirik. Baxan yoxdur. İstəyərdik ki, rahat gedib-gələk”.

Bülbül, Neyman Vəliyev və Fərman Quluyev küçələrinin sakinləri də eyni aqibəti yaşayır. Çirkab suların küçə boyu olan arxlara axıdılması mövcud mənzərəni yaradıb. 

Sevil Əsgərova- sakin: “Bülbül küçəsində yaşayıram, buranın sakiniyəm. Uşaqlarımız yayda bu üfunət iyisindən keçə bilmirlər. Kanalizasiyalarımız işləmir, çox çətin vəziyyətdə yaşayırıq. Qapımızın ağzını iki dəfə qazıblar, düzəliş də verməyiblər. Buradan həqiqətən keçmək olmur. Kanalizasiyamız, yolumuz çəkilsin. Biz də insan kimi yaşayaq, bu, şəhər küçələridir”.

Eldəniz Məmmədov- sakin: “4-5 il bundan qabaq kanalizasiyanı çəkdilər, elə bərbad vəziyyətdə də qaldı. Yolumuz da bərbaddır və bu vəziyyətdə yaşayırıq. Yollar düzəlsin, kanalizasiya düzəlsin”.

Adları çəkilən 5 küçənin təxminən 2500-ə yaxın sakininin üzləşdiyi çətinliklə əlaqədar “Azərsu” ilə əlaqə saxladıq. Qurumdan məsələnin həlli üçün addımların atılacağı deyildi. 

Anar Cəbrayıllı- “Azərsu” ASC-nin şöbə rəisi: “Layihənin birinci mərhələsi Almaniya İnkişaf Bankının krediti hesabına Azərbaycan hökuməti ilə birgə həyata keçirilən Açıq Kommunal İnfrastruktur proqramı çərçivəsində həyata keçirildi. Bu layihə başa çatdıqdan sonra, layihənin ikinci mərhələsi dövlət büdcəsinin investisiyaları hesabına yeni mərhələlərlə həyata keçirilir. Siz qeyd etdiyiniz küçələr də 2024-2025-ci illərdə layihə planına salınıbdır. Həmin ərazilərdə su və kanalizasiya xətlərinin çəkilməsi və işlərin yekunlaşması planlaşdırılır”.

Qalır gözləmək. Sakinlərin bir az da səbrli olub, qarşıdakı ildə görülməli olan işlərin nəticəsinə sevinmək.

Elnur Vahidoğlu